Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdəndir

25 iyul 2020 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Laçın Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon təşkilatının, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, “Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” mövzusunda onlayn videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfransda çıxış edərək, Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritetlərindən birinin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olduğunu bildirib. Qeyd edib ki, vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hisslərdəndir. Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın, soydaşlarının hər bir uğuruna sevinmək hissi təbii olsa da, bütün digər hisslər kimi tərbiyəyə ehtiyacı var və təbliğat yolu ilə daha da möhkəmlənir. Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Gənclərlə bağlı qəbul edilmiş hüquqi-normativ aktlarda, fərman və sərəncamlarda, dövlət proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən xəbər verir.

YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Laçın Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Orxanpaşa İbadov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Rövşanə Əliyeva və Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin hərbi rəhbəri Mehdi Məmmədov çıxışlarında bildiriblər ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı da hər an azad etməyə hazırdır. Buna görə də xalqımız əmindir ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq.

Keçidlər