Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi ölkə mətbuatında

Asan qəbulun Ağcabədi nümunəsi

İndi burada şikayət etmək də, onun həllini qısa müddətdə görmək də çox asan olub.
Ağcabədi rayon İcra Hakimiyyəti vətəndaşlaşların ərizə və şikayətlərini qəbul etməkdə, araşdırmaqda və  icra etməkdə maraqlı bir formaya əl atıb.
Qeyri-rəsmi bu xidməti ASAN QƏBUL –da adlandırmaq olar. Deməli,  bu il martın  16-dan,  həftəsinin ilk günündən başlayaraq həmin ASAN QƏBUL öz işinə start verib. Belə
ki, icra hakimiyyətində daha həftənin hər hansı - ikinci, ya beşinci günü yox, hər iş günü səhər 9-00-dan 18-00-dək şikayətçilər qəbul edilir.
Həm də, necə? Elə ən maraqlısı da burasıdır. Belə ki, icra hakimiyyətinin yerləşdiyi 1-ci
mərtəbədə geniş bir otaq ayrılıb.
Həmin otaqda hələlik 9 xidmət stolu yerləşdirilib. Hər stolda da kompüter quraşdırılıb. Həmin stollarda hər iş günü icra hakimiyyəti başçısının müvafiq şöbələrinin – hüquq, humanitar, ərazi və idarə etmə, tikinti və memarlıq və sair şöbələrinin əməkdaşları əyləşib.
Divara da geniş ekranlı bir televizor quraşdırılıb. Beləliklə, şikayətçilər səhər 9-a qədər həmin otağın qarşısına toplaşır. Şikayətçiləri qəbul edən əlaqələnidirci onların şikayətlərinə uyğun olaraq həmin şəxsləri müvafiq stollara yönəldir. Yəni, şikayətçi otaqları dolaşmadan eyni məkanda şikayətini edir və müvafiq cavabını alır. Bu işin özəllikərindən bir də  odur ki,  olunan şikayət yerində baxış tələb edirsə, icra hakimiyyətinin növbətçi maşını müvafiq şöbənin əməkdaşı ilə dərhal həmin ünvana gedib, şikayəti yerində araşdırır və həll edir. Eləcə də salondakı manitora quraşdırılmış internet vasitəsi ilə icra başçısı, müavinləri şikayətləri izləyir, lazım olanda şikayətçi ilə dialoqa girir. Hazırda koronovirus tədbirləri ilə bağlı kütləvi toplantılar ləğv edildiyi üçün vətəndaşlar ya yaxınlıqdakı YAP RT-nin qərargahından, ya da öz evlərindən, ofislərindən, maşınlarından həmin ASANQƏBUL-a şikayətlər ünvanlaya bilərlər. Buna görə xüsusu QAYNAR XƏTT, eləcə də müvafiq şöbələrin iş və mobil telefonlarının yazıldığı bildirişlər şəhər mərkəzinin, kəndlərin ən mərkəzi yerlərinə vurulub. Sadəcə bir zəng kifayətdir ki, səni icra hakimiyyəti başçısının müvafiq şöbəsinin bu iş üçün ayrılmış mütəxəssisi ilə çalışdırsınlar. Qısası, indi ağcabədililər hər hansı şikayətlərini, təkliflərini, iradlarını, sorğularını çox opertaiv şəkildə icra hakimiyyətinə yönəldib və qısa müddətdə də cavabını ala bilirlər. Ağcabədi Rayon İcra hakimiyyətinin bu təşəbbüsü Azərbaycan Prezident Administirasiyası tərəfində bəyənilib və digər yerlərdə də yayılması tövsiyyə edilib. Həmçinin ölkənin bəzi telekanalları bu iş metodunu lentə alıb və yaxın vaxtlarda tamaşaçılara təqdim edəcəklər. Bu təşəbbüs, bü iş metodu yerli sakinlər tərəfindən böyük razılıqla qarşılanIb.
 

https://cenub.az/5793-asan-qbulun-acabdi-nmunsi.html

cenub.az   26.03.2020

Ağcabədidə ötən illə müqayisədə 9720 ton çox pambıq tədarük olunub.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə indiyədək qəbul məntəqələrinə 32 min 22,64 ton “ağ qızıl” təhvil verilib. Hər hektarın məhsuldarlığı 30,63 sentner təşkil edir. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıllar sırasındadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 5152,25 hektarı "MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunduğundan tarlalarda bol məhsul yetişib. Əldə olunan məhsul ötən illə müqayisədə 9720 ton və ya 43,6 faiz çoxdur.

Qeyd edək ki, ötən il Ağcabədili "ağ qızıl" ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər.

https://azertag.az/xeber/1363521

05.12.2019 AZƏRTAC

 

Ağcabədidə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb 



Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.“Qafqazinfo” xəbər verir ki, bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, hazırda tullantı sutəmizləyici qurğuda son tamamlama işləri aparılır.Məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi təmizləyici qurğu, kompressor və anbardan ibarətdir. Qurğunun girişində iri və xırda barmaqlıqlar, qumtutucular inşa edilib və avadanlıqların quraşdırılmasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Ağcabədi şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində şəhərin içməli su təchizatı infrastrukturu yenidən qurulub. Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərədək 30 km magistral su xətti və ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihəyə uyğun olaraq şəhərdə 214 km içməli su və 192 km kanalizasiya şəbəkələri yaradılıb, 8 mindən çox abonentə birləşmə verilib. Ağcabədi şəhərində icra olunan layihədən 45 minədək sakin faydalanıb.“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağcabədi şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində də belə qurğular inşa olunur.

https://qafqazinfo.az/news/detail/agcabedide-su-ve-kanalizasiya-sebekelerinin-tikintisi-yekunlasib-foto-270965

Qafqazinfo.az 

29.11.2019

Ağcabədi 2019-cu ilə böyük inkişaf və quruculuq planları ilə qədəm qoyub 


2018-ci il Ağcabədi rayonunun sosial-iqtisadi və mədəni həyatında nə ilə əlamətdar olmuşdur? İdarəetmədə, iş üslub və metodlarında, təşkilatçılıq məsələlərində diqqəti cəlb edən əsas amillər hansılardır? 2019-cu ildə qarşıda duran konkret vəzifələr nədən ibarətdir? Ümumiyyətlə, bu gün rayonda ictimai-siyasi vəziyyət, adamların əhval-ruhiyyəsi, mənəvi-psixoloji mühit necədir?

Hər şeydən əvvəl qeyd etmək yerinə düşər ki, son illər Ağcabədi rayonunda həyatın bütün sahələrində böyük inkişaf və yüksəliş əldə edilmişdir. Ümumi məhsul istehsalı dəfələrlə çoxalmış, onlarca müxtəlif təyinatlı emal müəssisəsi işə salınmış, intizam və tələbkarlıq daha da artırılmışdır. Əsas odur ki, ilk gündən götürülmüş sürət zəifləmir, bütün sahələri əhatə edir, dinamik və ardıcıl xarakter daşıyır.Bütün bunlar isə heç şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Ağcabədiyə göstərdiyi gündəlik diqqət və qayğının, rayonun sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı imzaladığı sərəncamların bilavasitə nəticəsidir.Digər mühüm məsələ isə yerlərdə işin düzgün təşkili, yaranmış əlverişli şəraitdən daha səmərəli istifadə etmək bacarığı, təsəbbüşkar və yaradıcı fəaliyyətdir. Heç də təsadüfi deyildir ki, bu gün Ağcabədi şəhərinin simasını gözəlləşdirən müxtəlif təyinatlı binaların, park və xiyabanların, küçə və meydanların, demək olar ki, hamısı məhz son illərin məhsuludur. Başqa sözlə desək, şəhər öz sərhədlərini xeyli genişləndirmişdir. Hər addımda yüksək zövq və səliqə-səhman, milli koloritlə müasirliyin üzvi vəhdəti, qadir insan əlinin yaratdığı gözəlliklər diqqəti cəlb edir, insanlarda rahatlıq və xoş əhval-ruhiyyə yaradır.Biz bu yazı üzərində işləyərkən, yenidən Ağcabədidə olduq. Başa çatdırılmış iri layihələrlə yerindəcə tanışlıq, əldə edilmiş yüksəlişi əks etdirən fakt və rəqəmlər, tikintisi aparılan yeni obyektlər belə bir həqiqəti bir daha təsdiq etdi ki, Ağcabədidə ilk gündən götürülmüş və bütün sahələri əhatə edən yüksək sürət və inkişaf dinamikası bu gün də eyni temp və keyfiyyətlə davam etməkdədir. Burada hər hansı arxayınçılıq və geriləmədən söhbət gedə bilməz. Məsələn, qısa müddət ərzində ümumi sahəsi 34 hektar olan atçılıq kompleksinin, su-kanal idarəsinin inzibati binasının, Heydər Əliyev və Üzeyir Hacıbəyov prospektlərinin kəsişdiyi yerdə saat qülləsinin tikintisi başa çatdırılmışdır. Ağcabədi şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN” Xidmət Mərkəzinin, Rəncbərlər kəndində dənli bitkilərin emalı zavodunun, Qaradolaq və Salmanbəyli kəndlərində məktəb binalarının tikintisi isə sürətlə davam etdirilir. Daha aydın təsəvvür yaransın deyə, biz bu siyahıya şəhərin Heydər Əliyev və Üzeyir Hacıbəyov prospektlərində, Vaqif, Nəsimi, İsmət Qayıbov və Xəlfərəddin küçələrində aparılan əsaslı bərpa və təmir işlərini də əlavə edə bilərik. Son illər Ağcabədidə onlarca yeni məktəbin, tibb müəssisəsinin tikilib istifadəyə verilməsini, yüz kilometrlərlə yol çəkilişini, içməli su və kanalizasiya layihələrini, elektrik enerjisi və təbii qaz təminatını, min hektarlarla torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsini də minnətdarlıq hissilə xatırlamaq istəyirik.

Ağcabədi, ilk növbədə, ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir və inkişaf dinamikası burada daha çox özünü göstərir. Biz rayonda kənd təsərrüfatının müxtəlif sahələrində əldə edilmiş nəticələri, fakt və göstəriciləri müqayisə edərək təhlillər apara, inkişaf və yüksəlişi rəqəmlərin dili ilə göstərə bilərik. Ancaq çətin ki, bunu bir qəzet materialında verə bilək. Ona görə də yalnız bir sahədə – pambıqçılıqda əldə edilmiş ciddi dönüş barədə danışmaq istəyirik.
Ən əvvəl belə bir faktı xatırlatmaq yerinə düşər ki, ötən əsrin 70–80-ci illərində Ağcabədi respublika üzrə 100 min ton həddini keçən üç rayondan biri idi. Əlverişli təbii və iqlim şəraiti, münbit torpaqları, bol suyu, başlıcası isə sadə, zəhmətkeş insanları olan bu bölgə pambıqçılığı sürətlə inkişaf etdirmək üçün geniş imkanlara malik idi. Kənd sakinlərinin əsas gəlir mənbəyi də məhz bu sahədən olmuşdur.
Təəssüf ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bütövlükdə, respublikamızı bürüyən xaos və qarşıdurma Ağcabədidən də yan keçmədi. Düzdür, gerilik bütün sahələri əhatə etmişdir. Ancaq mütəxəssislərin gəldiyi nəticəyə görə, ən böyük ziyan məhz pambıqçılığa dəymişdir. Aydın təsəvvür yaransın deyə, qeyd edək ki, rayonda pambıq istehsalı 50 dəfə aşağı düşmüş, məhsuldarlıq minimum səviyyəyə enmişdir. Vəzirov, Mütəllibov və AXCP–Müsavat cütlüyünün hakimiyyəti illərində böyük strateji əhəmiyyətə malik, Azərbaycan kəndlisinin əsas gəlir mənbəyi olan pambıqçılığa münasibət belə idi.
Əlbəttə, yaranmış vəziyyət uzun müddət davam edə bilməzdi. Ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatının, xüsusilə pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş dövlət proqramları böyük inkişaf və yüksəlişə səbəb oldu. Nəticədə, ildən-ilə ümumi məhsul istehsalı artdı, əkin sahələri genişləndirildi, bu ənənəvi sahəyə həvəs və maraq artdı. Müqayisə üçün deyək ki, bu il Ağcabədidə 24 min tona yaxın məhsul istehsal edilmişdir. Bu isə ötən ildəkindən 4 min ton çoxdur, bol qazanc, firavan həyat, xoşbəxt gün-güzəran deməkdir.
Yeri gəlmişkən, ötən il noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım ­Mehriban Əliyevanın Ağdam ­rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın sahəsində pambıqçılarla söhbətindən bir məqamı xatırlatmaq yerinə düşərdi:
Prezident İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar: Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.
Prezident İlham Əliyev: Bir gündə 120 kiloqram?
Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.
Prezident İlham Əliyev: 120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov: İyirmi manatdan çox edir – 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.
Prezident İlham Əliyev: 100 manat, hər gün bir evə?
Pambıqçılar: Bəli, hər gün.
Prezident İlham Əliyev: Yaxşıdır.
Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən, təqribən, 5 min ton artıq təhvil vermişik...
Prezident İlham Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?
Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
Prezident İlham Əliyev: ­27–28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.
Əlbəttə, bu heç də son hədd deyildir. Ağcabədidə digər sahələrlə yanaşı, pambıqçılığı daha sürətli inkişaf etdirmək üçün əlavə imkan və ehtiyat mənbələri çoxdur. Hazırda bu istiqamətdə rayonda ciddi iş gedir, əkin sahələri genişləndirilir, bütün sahələr hərəkətə gətirilir. Əsas məqsəd isə ondan ibarətdir ki, ötən illərlə müqayisədə əkin sahələri daha da genişləndirilsin, məhsuldarlıq yüksəldilsin.
Son olaraq onu vurğulayaq ki, rayonda hansı sahəni götürsək, böyük inkişaf və yüksəlişin şahidi olarıq. Bu isə bir daha onu göstərir ki, rayon icra hakimiyyətində, onun yerli strukturlarında iqtisadi, sosial və mədəni sahələrin inkişafına kompleks münasibət formalaşmış, bu istiqamətdə ardıcıl və sistemli iş qurulmuşdur.
Görüşdüyüm, söhbət etdiyim Ağcabədi sakinləri – ­ağsaqqallar, ziyalılar, gənclər bütün bu inkişaf, göstərilən gündəlik diqqət və qayğı üçün, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlıqlarını bildirir, aparılan müdrik, uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən müdafiə etdiklərini, bu böyük etimadı əməli işdə doğrultmaq üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlarını bəyan edirlər.

 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Keçidlər