VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
Toğrul Bayram oğlu Abbasov 31 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdur. 1996–2007-ci illərdə Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbində təhsil alan Toğrul Abbasov 2008–2010-cu illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Toğrul Abbasov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağcabədi rayonunun Hacıbədəlli kəndində dəfn olunmuşdur.
Ailəli idi. Ölümündən sonra, 15 dekabr 2020-ci il tarixdə Yağmur alı qız övladı dünyaya gəlib.
Toğrul Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Hacıbədəlli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Əmrah Səyyab oğlu Abışov 1999-cu il noyabrın 17-də Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illər ərzində Akif Sultanov adına Kürdlər kənd məktəbində təhsil almışdır. Əmrah Abışov 2018-ci ilin yanvarında hərbi xidmətə yollanıb. 2019-cu ilin ortalarında hərbi xidmətini başa vuraraq ordudan tərxis olunub. Ordu sıralarında nümunəvi əsgər kimi dəfələrlə tərifnamələrə layiq görülüb. Hərbi xidməti başa vurduqdan sonra komandirləri tərəfindən orduda qalıb xidməti davam etdirmək təklifi alan Əmrah MAXE kimi xidmət etməyə başlayıb. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur.
Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ağcabədi şəhərində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Naim Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində anadan olub. Naim Süleymanov 2004-2015-ci illər ərzində Sarvan Quliyev adına Ağcabədi rayon Muğanlı kənd tam orta məktəbində təhsil almışdır. Naim, 2016-2018-ci illər ərzində həqiqi hərbi xidmət keçdikdən sonra 2020-ci ilin iyul ayının 7-də “N” saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmətə başlayıb. Naim Ağayev Vətən müharibəsində şücaət göstərərək, 30 oktyabr 2020-ci il tarixdə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlmişdir. Muğanlı kəndində dəfn edilib.
Naim Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medalı ilə təltif edilib.
Muğanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Rövşən Allahverdiyev 10 noyabr 1991-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 1998–2009-cu illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Allahverdiyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, "Həmlə" Taborunda davam etdirib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Rövşən Allahverdiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək sentyabrın 27-də şəhid olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəsur döyüşçü” medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Ailəli idi.
Qaraxanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Taryel Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Taryel 27 sentyabr 2020-ci ildə döyüşlərə qatılır və 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı şəhadətə ucalıb. Minəxorlu kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilib. Ailəli idi. Fəxrəddin və Mələk adlı 2 övladı vətənə əmanət qalıb.
2022-ci ilin yanvar ayında Ağcabədinin Minəxorlu kəndində Taryel Atayevin ailəsi üçün yeni fərdi yaşayış evi tikilib. Ev inşa olunub. Ev Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına inşa olunub.
Minəxorlu kəndində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Xəzər Bayramov 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 2004-2015-ci illərdə Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində təhsil almışdır. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş Xəzər Bayramov 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq tank heyətində xidmət edirdi. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə tuşlayıcı-atıcı olaraq xidmət edib. Oktyabrın 2-də Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə igidlik göstərərək şəhadətə ucalıb. Xəzər Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Doğma kəndində dəfn edilib.
Qaravəlli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olmuş, təhsilini daha sonra Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Anar Cəfərov xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmiş, 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur.
Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilib. Ailəli idi. Vətənə Rəhman və Eyvaz adlı əmanət 2 övladı var.
Ağcabədi şəhərində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Dəyanət Əliyev 18 sentyabr 1982-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib. Xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə" medalı,“95 illik yubiley medalı”, “100 illik yubiley” medalı ilə təltif edilib. Azərbaycan Ordusunun giziri olan Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dəyanət Əliyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur.
Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi, Ayxan və Aynişan adlı 2 övladı var.
Hacıbədəlli kəndində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub.
Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə alan Mirağa Əliyev məktəbi bitirdikdən sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil almışdır. Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmış və hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirmişdir. 21 sentyabr 2020-ci ildə könüllü olaraq bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşmuşdur. Mirağa Əliyev 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq həlak olmuşdur.
Mirağa Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Evin tək oğlu və subay idi.
Xocavənd kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Əli Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olub. 2007-2017-ci illərdə Ağcabədi rayon Şahsevən Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Əli Əsədov Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğma kəndində dəfn edilib.
Əli Əsədov ölümündən sonra "Vətən Uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Subay idi.
Şahsevən Təzəkənd kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Murad Əsədov 15 dekabr 1999-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 2006-2017-ci illərdə Ağcabədi rayon şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil almışdır.
Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 9 oktyabr 2020-ci ildə Cəbrayılın “Dostluq bazarı” adlanan ərazisində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Doğulduğu kənddə dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrundə" medalı,"Cəsur döyüşcü" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Subay idi.
Şərəfxanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Fərid Fərəcov 11 noyabr 1998- ci ildə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Sərvan Quliyev adına Muğanlı kənd tam orta məktəbində orta təhsil almışdır. Fərid məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, 2016-2017-ci illərdə Qusar rayonunda həqiqi hərbi xidmətdə olmuşdur.Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda könüllü olaraq döyüşən Fərid 15 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Muğanlı kəndində dəfn edilib.
Fərid Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Muğanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil almışdır. İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlim toplantılarına çağırılmışdır. Vətən müharibəsində könüllü olaraq iştirak edən İntiqam Hacıyev Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Hacıyev 13 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Minəxorlu kəndində torpağa tapşırlıb.
İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Subay idi.
Minəxorlu kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Hafiz Həziyev 23 oktaybr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olub. 2000-2010-cü illərdə Məhəmməd Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbdə təhsil almışdır. Hafiz Həziyev 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Könüllü olaraq döyüşlərə qatılıb. 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində şəhadətə ucalmışdır. Böyüyüb, boya başa çatdığı Yeni Qaradolaq kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Subay idi.
Yeni Qaradolaq kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Xəyal Həziyev 20 dekabr 1987-ci ildə Ağcabədi şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Bakı şəhərində texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsilini davam etdirmişdir. Xəyal Həziyev 2005-2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Vətən müharibəsində könüllü olaraq iştirak edən Xəyal Həziyev Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəyal Həziyev 15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur.
Xəyal Həziyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilib.
Ağcabədi şəhərində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir.
2016-cı ilin Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir.
Vətən müharibəsində iştirak edən Ceyhun Hüseynov Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.
Ceyhun Hüseynov ölümündən sonra "Vətən uğrunda", Xocavəndin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Subay idi.
Arazbar kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Mirəli Hüseynov 15 oktyabr 1996-cı ildə Ağcabədi şəhərində anadan olub. Vətən müharibəsi zamanı döyüşlərin ilk günündən könüllü olaraq cəbhəyə yollanıb. Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirəli Hüseynov 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur. Mirəli Hüseynov ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi,Vətənə əmanət Arif adlı bir övladı var.
Ağcabədi şəhərində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Xocavənd rayon qeydiyyatında olan Sahil Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. İlk təhsilini Xocavənd kənd 1 saylı tam orta məktəbində almışdır. Sahil Hüseynov 2019-cu ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində iştirak edən Sahil, döyüş tapşırığını yerinə yetirərək fərqlənmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən Sahil Hüseynov Füzuli döyüşlərində vuruşaraq döyüş tapşırığını yerinə yetirmişdir. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində həlak olmuşdur. Xocavənd kəndində dəfn olunub.
Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.
Xocavənd kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Fəryad Xəlilov 1 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsil almışdır. Həmçinin, Hüsülü kəndində yerləşən yeddiillik musiqi məktəbinin piano şöbəsində musiqi təhsili almışdır. Fəryad Xəlilov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Vətən müharibəsində Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşan Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. 27 oktyabr 2020-ci il tarixdə Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdur.
Fəryad Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Hüsülü kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Təhmasib Hikmət oğlu Qarayev 18 may 1996-cı ildə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. 2017-ci ildən Xüsusi təyinatlı qüvvələdə xidmətə başlayıb. Vətən müharibəsinin fəal iştirakçısı olub. 22 oktyabr 2020-ci ildə Qırmızı bazar deyilən ərazidə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.Doğma kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, .“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Kəbirli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Gülalı Aydın oğlu Qəhrəmanov 17 fevral 1986-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.Minəxorlu kəndində torpağa tapşırlıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi. Murad, İzzət və Ləman adlı övladları Vətənə əmanət qalıb.
Minəxorlu kəndində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Məkan Mübariz oğlu Qəhrəmanov 2 mart 1999-cu ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib.
12 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.Minəxorlu kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə" medallar və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Subay idi
Ağcabədi şəhərində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Həsən Adışirin oğlu Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib. 3 noyabr 2020-ci ildə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.Sarvanlar kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə" və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ailəli idi, Dəniz və Xəyal adlı 2 övladı var.
Sarvanlar kəndində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Məhəbbət Arzu oğlu Quliyev 17 noyabr 1993-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidov ilə bir yerdə vuruşub. 5 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.Subay idi.
Qiyaməddinli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Nurlan Şükür oğlu Quliyev 4 dekabr 1995-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Quliyev Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.1 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.Qaraxanlı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Füzulinin azad olunmasına görə" medalı, “Cəsur döyüşçü” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Subay idi
Qaraxanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Əmrah Qaraş oğlu Mamedov 20 may 1998-ci ildə Ağcabədi rayonunun Poladlı kəndində anadan olub. O, “N” saylı hərbi hissədə MAHHXHQ kiçik çavuş kimi xidmət edib.
Əmrah Mamedov Suqovuşan uğrunda gedən gərin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Poladlı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medallar ilə təltif edilib. Subay idi.
Poladlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Ceyhun Qafar oğlu Məmmədov Agcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 25 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində şəhid olub. Doğma kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra ”Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Subay idi.
Qaraxanlı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Cəmaləddin Türbəndə oğlu Məmmədov 1988-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. Kiçik çavuş olan Cəmaləddin Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" və “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi. Zülfüqar və Günəş adlı 2 övladı var.
Ağcabədi şəhərində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Məhəmməd Abbas oğlu Məmmədov 13 noyabr 1998-ci il Ağcabədi rayonunda anadan olub. 29 sentyabr 2020-ci ildə könüllü olaraq döyüşlərə qatılıb. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Ağcabədi şəhərində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Sahil Ədalət oğlu Məmmədov 12 iyul 1996-cı ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. “N” saylı hərbi hissədə MAHHXHQ olaraq xidmət edib. 5 il MAXE olaraq çalışan Sahil "Kəşfiyyat" qrupuna yazılıb.Gizir Sahil Məmmədov 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Ağcabədidə Qəhrəmanlar Parkında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Subay idi.
Yuxarı Qiyaməddinli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Samir Sabir oğlu Mikayıllı 1 yanvar 1993-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.
2008-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2010-2014-cü illərdə T. C. Kara Harp Oкulunda ali hərbi təhsil alıb. Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağlarının azad edilməsi zamanı növbədənkənar “baş leytenant" hərbi rütbəsi verilib. Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 17 oktyabr 2020-ci ildə döyüşlərə qatılıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Nişanlı idi.
Ağcabədi şəhərində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Sənan Arif oğlu Miriyev 1 mart 1998-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. “N” saylı hərbi hssədə MAHHXHQ kimi xidmət edib.27 sentyabr 2020-ci il tarixində Talış və Suqovuşanın azadlığı uğrunda döyüşlər zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Subay idi.
Yuxarı Qiyaməddinli kəndində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Ceyhun Şükür oğlu Mustafazadə 27 yanvar 1997-ci ildə Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2020-ci ilin yanvar ayında MAHHXHQ kimi xidmətə başlayıb. Xidmətini Kəşfiyyatçı kimi davam etdirib. Sarıcalı kəndində dəfn olunub.
10 Oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Sarıcalı kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Elsevər Mahir oğlu Piriyev 12 iyun 1995-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. (Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu)
“N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu 16 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Arasbar kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi. Uğur və Ümid adlı 2 övladı var.
Arazbar kəndində ailəsinin ayaşdığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Ömər Rəşad oğlu Rəhimli 1 fevral 2002-ci ildə Hindarx qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb. 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı ağır yaralanıb və noyabrın 22-də Bakı şəhərində Hərbi Hospitalda dünyasın dəyişib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Hindarx qəsəbəsində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Tariyel Allahverdi oğlu Salmanov 7 fevral 1988-ci ildə Ağcabədinin Kəhrizli kəndində anadan olub. 2011-ci ilin oktyabr ayından 2013-cu ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində hərbi xidmətini tamamlayaraq tibb xidməti leytenantı rütbəsi alıb. Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
29 sentyabr 2020-ci ildə hərbi həkim kimi döyüşlərə qatılıb. 8 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Kəhrizli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi, Ləman adlı bir övladı var.
Kəhrizli kəndində və Ağcabədi şəhərində küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır
Həsən İsmayıl oğlu Süleymanov 8 avqust 1991-ci ildə Ağcabədidə dünyaya göz açıb. Vətən müharibəsi başlayandan bir neçə gün sonra 29 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb. 26 oktyabr 2020-ci ildə Qubadlı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda”, Cəsur döyüşçü", Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə ilə təltif olunub. Ailəli idi. Vətənə əmanət Hüseyn və Fatimə adlı 2 övladı var.
Ağcabədi şəhərində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Vüsal Zahir oğlu Şükürov 14 noyabr 1995-ci ildə Ağcabədi rayonunun Şahmallar kəndində anadan olub.
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ağcabədi Qəhrəmanlar Parkında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, " Cəsur döyüşçü" medalları ilə təltif edilib. Subay idi.
Şahmallar kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Şirnalı Aqil oğlu Talıbov 16 sentyabr 1997-ci ildə Nəcəfqulubəyli kəndində anadan olub. Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. 22 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Nəcəfqulubəyli kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Subay idi.
Nəcəfqulubəyli kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Azad Azər oğlu Tapdıqov 1 fevral 1997 - ci ildə Ağcabədi rayonu Yuxarı Avşar kəndində anadan olub. Vətən müharibəsi iştirakçısı olan Azad oktyabrın 9-da Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Avşar kəndində ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən Uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Subay idi.
Avşar kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Azər Dilafət oğlu Əliyev 1 noyabr 1997-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində anadan olub. Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 yanvar 2021-ci il tarixdə Yuxarı Qiyamadınlı kəndində dəfn olunmuşdur. Ailəli idi, Ölümündən sonra Əli adlı övladı dünyaya gəlib. Əli və Nəzrin adlı 2 övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən Uğrunda", " Xocavəndin azad olunmasına görə ", "Ağdamın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yuxarı Qiyaməddinli kəndində ailəsinin yaşadığı küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.
Fərid Dilafət oğlu İskəndərov 11 avqust 2006-cı il tarixdə Ağcabədi rayonunun Taynaq kəndinə anadan olub. Taynaq kənd tam orta məktəbinin IX sinif şagirdi Fərid II Qarabağ muharibəsində dinc mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin 4 oktyabr 2020-ci il tarixdə Taynaq kəndini atəşə tutması nəticəsində şəhid olub, Doğulduğu kənddə dəfn edilib.
Taynaq kəndində böyüdüyü küçəyə şəhidin adı verilmiş, xatirə lövhəsi ucaldılmışdır.