Zəfər günü Ağcabədidə təntənə ilə qeyd olundu
Ağcabədidə Zəfər günü münasibətilə ümumrayon tədbiri keçirilib.Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər,rayon ictimaiyyəti iştirak edib.
Öncə foyedə qələbəmizi əks etdirən sərgiyə baxış keçirilib.
Zəfər gününə həsr olunmuş tədbir Azərbaycan Resbublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, böyük qələbəyə gedən yola bir daha nəzər salıb, həmin dövrdə ağcabədililərin göstərdiyi vətənpərvərlikdən söz açıb.
Sonra millət vəkilləri Tahir Rzayev, Aqil Abbas, şəhid anası Məlahət Həziyeva, N saylı hərbi hissənin komandiri, polkovnik Pərviz İbrahimov çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar.
Tədbirin aparıcısı Gündüz Sevindik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan ağcabədili şəhidlərin adlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında igidlik və mərdlik göstərdiyi üçün təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən təltif olunan şəhid ailəsi üzvləri və qazilərə fəxri fərmanlar verilib.
Daha sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış maraqlı və rəngarəng konsert proqramı ilə davam etdirilib.