Yuxarı Qiyaməddinli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hər həftə davam edən səyyar qəbulunu bu dəfə Yuxarı Qiyaməddinli kəndində keçirib. Görüş zamanı kənd sakinləri onları narahat edən əsas problemlərlə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlərin əksəriyyəti kəndin infrastruktur vəziyyəti, suvarma, yol, elektrik və sosial xidmətlərlə bağlı olub.
Kənd sakini Kərəm İsmayılov 2.5 ha pay torpaq sahəsinin suvarılmasında çətinliklər yaşandığını, mövcud su qrafikinə əməl olunmadığını bildirib və su təminatının bərpasını istəyib. İcra başçısı məsələ ilə bağlı araşdırma edilməsi və operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıq verib.
Şəhid anası Kamilə Həsənova və kənd sakini İdris Əliyev isə su nasosunun yandığını bildirərək subartezian quyusunun fəaliyyətə başlaması üçün köməklik istəyiblər. Suvarma məsələləri ilə bağlı müraciətlər ümumilikdə ön planda olub.
Kənd sakini Natiq Hacıyev həm kəndarası avtomobil yolunun yaxşı vəziyyətdə olmadığını, həm də məktəb binasının kanalizasiyasının daşması, məktəbin həyətinə axın verməsi ilə bağlı problemi diqqətə çatdırıb. Müraciət əsasında bu sahələr üzrə də müvafiq strukturlara göstərişlər verilib.
Qəbul iştirakçıları Faiq Məmmədov və Ədalət Məmmədov isə kənddəki yararsız elektrik dirəklərinin və işıq transformatorunun dəyişdirilməsini istəyiblər. Elektrik təsərrüfatı ilə bağlı məsələlərin həlli məqsədilə “Ağcabədi Elektrik Şəbəkəsi”nə tapşırıq verilib.
Ümumilikdə görüş zamanı İcra Hakimiyyətinin başçısı tərəfindən bütün digər müraciətlər dinlənilib, vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib, bəzi məsələlərin icrası dərhal nəzarətə götürülüb. Sakinlər keçirilən səyyar qəbulun onların problemlərinin dinlənməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.






