YAP Ağcabədi rayon təşkilatı “ Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr Müəllimlər günü münasibətilə “ Heydər Əliyev və Azərbaycan müəllimi” mövzusunda tədbir keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatı “ Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr Müəllimlər günü münasibətilə “ Heydər Əliyev və Azərbaycan müəllimi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə çıxış edərək qeyd etmişdir ki, bu günlər xalqımız yenidən tarixi anlar yaşayır. Sizlərə məlum olduğu kimi 19-20 sentyabr tarixində Silahlı Qüvvələrimiz Azərbaycanın Qarabağ iqtisadi bölgəsində Ermənistanın seperatçı qüvvələrinə qarşı lokal xarakterli antiterror əməliyyatı keçirməyə məcbur oldu.
Terrorçuların əlverişli coğrafi mövqelərdə yerləşməsinə baxmayaraq, meşəlik və dağlıq ərazilərdə illər boyu möhkəmləndirilmiş istehkamlar ordumuzun məharətli əməliyyatları nəticəsində qısa müddətdə darmadağın edildi. Çətin döyüşlərdə şəhidlər də verdik. Lakin xalqımız yenidən Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək qəhrəman ordumuzun arxasında durdu. Keçirilən əməliyyatlar nəticəsində Ağcabədi rayonundan olan 7 nəfər hərbçimiz qəhrəmanlıqla şəhid oldu. Rayon əhalisi, ictimaiyyət nümayəndələri şəhidlərimizin dəfnində izdihamlı surətdə iştirak etdilər. Allah bütün şəhidlərimizə rəhmət eyləsin.
Natiq çıxışına davam edərək qeyd etmişdir ki, bildiyimiz kimi sabah 5 oktyabr müəllimlər günüdür. Bu münasibətlə mən bütün müəllimlərimizi Peşə Bayramları münasibətilə təbrik edir, gənc nəslin təlim-tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində çəkdikləri zəhmətə görə minnətdarlığımı bildirir, pedoqoji fəaliyyətlərində onlara uğurlar arzulayıram. Ulu Öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirirdi. “Mən müəllim adından uca ad tanımıram” deyən Ümummilli Lider müəllimlik peşəsinə böyük dəyər verirdi.
Tədbirdə Ağcabədi şəhər 5 saylı orta məktəbin direktor müavini Tərlan Məmmədova, Ağcabədi şəhər 11 saylı məktəbin müəllimi,Ərazi partiya təşkilatının sədri Sevda Gülmalıyeva, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Ləman Nəzərova, könüllülər Xədicə Hüseynova və Şövkət Quliyeva çıxış etmişlər.
Tədbirdə “5 oktyabr müəllimlər günü” münasibətilə bir qrup müəllim pedaqoji sahədə uğurlarına və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanı ilə təltif edildilər.
Sosial şəbəkələrdə fəal iştirak edən YAP Ağcabədi rayon təşkilatının bir qrup könüllüsünə isə Sertifikatlar təqdim edildi.
İştirakçılar tədbirin sonunda YAP Ağcabədi rayon təşkilatının inzibati binası qarşısında xatirə şəkli çəkdirdilər.