Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci.

29 dekabr 2023 | 09:29

Ağcabədidə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mahir şadlıq sarayında xüsusi qayğıya ehtiyacı olan, eləcə də şəhid və keçmiş məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.

       Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”, “Güvən Xeyriyyə” İctimai Birliyi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi və Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Qarabağ regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində 100-dən çox uşaq iştirak edib.

     Bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

     GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

     Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədr müavini Nazm Bünyatov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Niftəliyeva, “Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin rəisi Qabil Rzayev və Şəhid Tariyel Atayevin həyat yoldaşı İlhamə Atayeva uşaqları təbrik edib, xoş arzularını çatdırıblar.

    Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     Bayram tədbiri “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Ağcabədi şəhər 2, 3 və 5 saylı  körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib. Şaxta baba və Qar qız uşaqlara unudulmaz anlar yaşadıb.

   Sonunda uşaqlara hədiyyələr paylanıb.

Keçidlər