Xocalı soyqırımının 32-ci ildönümü qeyd olundu
Bu gün qəlbimizə Xocalı adlı yaranın vurulduğu gündür. Həmin tarixdən 32 il keçməsinə baxmayaraq, o yaramız qaysaq tutmadı, qabıq bağlamadı. Ana-bacılarımızın, körpələrimizin başına gətirilən o oyunları unutmadıq, unutdurmadıq. İllərlə bu qisas alovu ilə yandıq, alovlandıq.
Nəhayət vaxt yetişdi, zaman gəldi, Müzəffər Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasəti və onun dəmir yumruğunun bir parçası olan qeyrətli vətən oğullarının sayəsində döyüş meydanında düşməndən başımıza gətirdikləri bütün müsibətlərin qisasını aldıq. Onların sayəsində biz alnımızın məğlubiyyət ləkəsini silə bildik. Qalib sərkərdəmizin - İlham Əliyevin Xocalıda bayrağımızı sancması, ucaltması həm də əyilmiş qəddimizi, başımızı dikəltdi.
Xocalı adı çəkiləndə daha Azərbaycan oğlu utanmır, başını yerə əymir. Çünki Vətən oğullarımız dillərə dastan tarix yazaraq faciə qurbanlarının da intiqamını aldı, indi şəhidlərimizin ruhu şaddır!
Bu gün Azərbaycanımızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edildi.
Fevralın 26-da Ağcabədi Qəhrəmanlar Parkında soyqırım şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ümumrayon anım tədbiri keçirildi. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, Xocalı sakinləri, media nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsini, həmçinin I Qarabağ və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla andılar. 09:00-dan başlanan ziyarət gün ərzində də rayon sakinləri tərəfindən davam etdirildi. Ölkə başçısının müvafiq sərəncamına əsasən hər il olduğu kimi, bu il də faciə qurbanlarının xatirəsi saat 17: 00-da bir dəqiqəlik sükutla yad edildi.
Xocalıya isə faciə günündə olduğu kimi, yenə də qar yağır, amma bu dəfə biz qayıtmışıq. Öz nəfəsimizlə yuvamızı, Xocalımızı isitməyə qayıtmışıq.