Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhid olan Xəzər Bayramovun xatirəsinə ehsan bulağı inşa edilib.

04 oktyabr 2023 | 20:33

Onlar alnımızın Qarabağ adlı ləkəsini sildilər, onlar 30 ilə yaxın əyilmiş qəddimizi dikəltdilər. Bu müqəddəs amal uğrunda, odun , alovun içinə atıldılar, canlarından keçərək şəhid oldular. 

Ən ali məqsədləri isə torpaqlarımızın bütövlüyü, dövlətimizin suverenlyinin möhkəmlənməsi olub.

Şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə parklar salınır, xatirə abidələri inşa olunur. 

O, uca adın əbədiləşdirilməsi üçün daha bir addım Ağcabədinin Qaravəlli kəndində atılıb.

Vətən müharibəsində şəhid olan Xəzər Bayramovun xatirəsinə ehsan bulağı inşa edilib.

Oktyabrın 3-də, elə şəhidimizin 3-cü il dönümündə, onun doğulub boya-başa çatdığı küçədə tikilən abidənin açılışı oldu. Açılış mərasimində Ağcabədi Rarayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, şəhidin doğmaları, digər şəhid valideynləri, kənd sakinləri və media nümayəndələri iştirak etdilər .

Tədbir ilk öncə vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbədən söz açdılar.

Qeyd etdilər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdilər. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq. 

Bulağın tikintisini yüksək qiymətləndirən açılış iştirakçıları bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Bu addımın atılmasının şəhidlərə göstərilən diqqət olduğunu qeyd etdilər.

Çıxış edən xeyriyyəçi, elə bu bulağın ərsəyə gəlməsində böyük zəhməti olan Fərrux Bayramov bildirdi ki, ehsan bulağının inşa olunması şəhidimizin arzusu olub. 

Belə ki, Xəzər şəhid olmamışdan əvvəl dostlarına bildirib ki, bilirəm, mən şəhid olacam. Çox istəyirəm ki, məndən sonra adıma ehsan bulağı inşa oluna. Bununla da biz, Xəzərin arzusunu gerçəkləşdirmiş olduq.

Daha sonra məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdilər.

 Xəzər Bayramovun valideynləri isə, bulağın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini bildirdilər.

Sonda ehsan bulağının açılışı oldu və abidə önünə tər güllər düzdülər.

Qeyd edək ki, Xəzər Bayramov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq tank heyətində xidmət edib.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibəsində tuşlayıcı-atıcı olaraq xidmət göstərib . Oktyabrın 2-də Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə igidlik göstərərək şəhadətə ucalıb. 

Xəzər Bayramov ölümündən sonra ölkə rəhbəri cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Keçidlər