Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Sənan Miriyevin anım günü qeyd edildi

29 sentyabr 2022 | 12:18

Vətən üçün yaşayanlar unudulmur…

Şəhidlər unudulmur…

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri Miriyev Sənan Arif oğludur.

Hər insan həyatı ilə bir əsər yazır…

Şəhid həyatı isə şahid olmağa gəldiyimiz dünyanın ən möhtəşəm əsəridir. İgid Sənan Miriyevin həyatı kimi… Sənanın ailəsi əslən Xocalı şəhərindəndir. 1992-ci ilin soyuq fevral ayında vəhşi düşmən tərəfindən törədilən soyqırım zamanı sağ qalan ailə Beyləqan rayonuna pənah gətirib. Sənan 1998-ci il yanvarın 1-də rayonun Allahyarlı kəndində anadan olub. 

Beyləqanda yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunu olan Sənan 2016-cı ildə hərbi xidmətə yollanır. Dövlət sərhəd xidmətində hərbi xidmətini başa vurur. Şəhid atası Arif Miriyevin sözlərinə görə, Sənanın arzusu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək olub…

Bu arzusunu reaallaşdırmaq üçün könüllü olaraq ordu sıralarına yazılır, kəşfiyyat bölüyündə hərbi xidmətini davam etdirir. Kəşfiyyatçı olmaq arzusu reallaşsa da, ən böyük arzusu hələ həyata keçməmişdi… Onun ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad etmək idi.

​Vətən müharibəsi Sənan kimi minlərlə igid oğullarımızın öz hünərini, vətən sevgisi və düşmənə nifrətini göstərmək üçün imkan yaratdı…Atasının bacısı və onun 2 övladı Xocalı faciəsində şəhid olduğuna görə, Sənan üçün bu həm də bir qisas arzusu idi. Atasının bildirdiyinə görə, o hər zaman bibisinin və övladlarının qanını yerdə qoymayacağını deyirmiş. Elə bu məqsədlə də müharibənin ilk günündə döyüşə atılan Sənan Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaətlər göstərərək şəhadətəucalır. 

​Atası Arif Miriyev qeyd edir ki, Sənanda vətən sevgisi hər şeydən üstün idi. “O, hərbi xidməti başa vurub evə qayıdan zaman söylədim ki, başqa sahəyə üz tut. Lakin məni dinləmədi.”

​Sənan kimi qorxmaz oğullarımızın sayəsində tarixi torpaqlarımızı bərpa etdik. İndi Sənanın və bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir. Xalqımız canını vətən azadlığı üçün fəda edən qəhrəmanlarımızı heç vaxt unutmur, unutdurmur. 

​Elə bu məqsədlə də sentyabrın 28-də Ağcabədi Qəhrəmanlar Parkında şəhidimizin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi RİH aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdiri Xətai Zeynalov, Xocalı RİH-nin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, media nümayəndələri, şəhidin doğmaları, rayon sakinləri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxudular. 

​Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Sənan Miriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Keçidlər