Vətən müharibəsi şəhidi Elsevər Piriyevin anım mərasimi keçirilib
Qəhrəman oğullarımız Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini hər zaman nümayiş etdirib. Şəhid Elsevər Piriyev kimi…
Dekabrın 10-da doğulduğu Arazbar kəndində Elsevər Piriyevin anım mərasimi keçirilib. Mərasimdə RİHB-nin müavini-Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xətai Zeynalov, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin bir qrup zabit və əsgər heyəti, şəhid ailələrinin üzvləri, kənd sakinləri və məktəblilər iştirak edib.
Anım günündə çıxış edən RİHB-nin müavini Xətai Zeynalov II Qarabağ savaşında igidlərimizin göstərdiyi fədakarlıqlarından söz açıb, torpaqlarımızı azadlığa qovuşduran oğulların xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.
Tədbir iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyub.
Xatırladaq ki, Elsevər Mahir oğlu Piriyev 1995-ci il iyunun 12-də Arazbar kəndində doğulub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Daxili Qoşunların çavuşu olan Elsevər Piriyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhadətə ucalıb. Bir müddət sonra nəşi neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib və dekabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Elsevər Piriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.