Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəmaləddin Məmmədovun anım günü qeyd edildi

02 oktyabr 2022 | 15:38

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində dünyaya göz açmışdı. Xüsusi döyüş qabiliyyətinə, yüksək vətənpərvərlik hissinə sahib olan Cəmaləddin 44 günlük müharibə zamanı bəzi yaşayış məntəqələrinin və bir sıra adsız yüksəkliklərin düşməndən təmizlənməsində fəallıq göstərib. 2020-ci ilin oktyabr ayının 1-də Cəbrayıl rayonunun Rüzgar kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
C.Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif olunub.
Oktyabrın 2-də Ağcabədi rayon Qəhrəmanlar Parkında şəhidin Anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, media nümayəndələri, Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin və vaxtilə şəhidimizin təhsil aldığı Kürdlər kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak etdilər. Mərasim iştirakçıları Cəmaləddin Məmmədovun məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzdülər, şəhidin ruhuna dualar oxudular.
Tədbir Vətən şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin qarşısında davam etdi. Öncə şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olundu.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xətai Zeynalov, Ağcabədi rayon Polis şöbəsinin rəis müavini, polkovnik-leytenant Tural Məlikov, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, şəhidin valideynləri, ailə üzvləri və digərləri çıxış edərək Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş zamanı göstərdikləri şücaətdən söz açdılar, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Sonda şəhid Cəmaləddin Məmmədovun övladlarının da təhsil aldığı şəhər 8 saylı tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndirildi.

Keçidlər