“Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda Şahsevən Təzəkənd, Şahsevən, Sarvanlar və Muğanlı məktəbliləri ilə görüş keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin rayonun ümumtəhsil məktəblərində həyata keçirdiyi ,“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin və “Aran” qəzetinin mütəmadi iştirak etdiyi “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. Belə ki, bu dəfə Şahsevən Təzəkənd tam orta, Şahsevən kənd tam orta, Sarvanlar kənd ümumi orta , Muğanlı kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Şagirdlərlə görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mama-ginekoloqu İradə Məmmədova və “Aran” qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər.
Görüşdə uşaq və yeniyetmələrin hüquq və vəzifələri haqda şagirdlərə məlumat verilib, təhsilin vacibliyindən söz açılıb, həmçinin onların hüquqlarını pozan təhsildən yayındırılma, erkən evliliklərə təhrik edilmə, şiddət və zorakılığa məruz qalma hallarında öz hüquqlarından istifadə edərək aidiyyəti yerlərə müraciət edə biləcəkləri izah olunub, erkən evliliklərin, zərərli vərdişlərin istər oğlanlarda, istər qızlarda yarada biləcəyi fəsadlardan danışılıb. Diskussiya şəklində aparılan söhbətlərdə şagirdlər də öz fikirlərini bölüşüblər. Sonra erkən nikahın fəsadlarından bəhs edən film izlənilib.
Yekunda şagirdlər müxtəlif şüarlar səsləndirərək yaşıdlarını öz hüquqlarını bilməyə çağırıblar.