Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“Uşaq və yeniyetmələrin hüquq və vəzifələri”  mövzusunda maarifləndirmə tədbirləri məktəblərdə davam etdirilir.

19 may 2025 | 18:26

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və “Aran” qəzetinin iştirakı  ilə rayonun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri”  mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən tədbirlər bu dəfə, Ağabəyli kənd ümumorta, Cəfərbəyli,Hacıbədəlli, Pərioğullar, Hüsülü və Rəncbərlər kənd tam orta məktəblərində keçirilib. Görüşlərdə şagirdlərlə yanaşı, sözügedən məktəblərin direktorları, psixoloqlar, uşaq birliklərinin rəhbərləri və bəzi valideynlər də iştirak edib.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, sözügedən şöbənin baş məsləhətçisi Sevinc Niftalıyeva, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin həkimləri İradə Məmmədova, Tünzalə İsmayılova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa  çıxışlarında erkən nikahların, qohum evliliklərinin, zərərli vərdişlərin fəsadları haqqında ətraflı danışıblar. Xüsusilə kəndlərimizdə rast gəlinən qohum evliliklərindən danışılarkən bildirilib ki, qohumlar arasında evlilikdə eyni genetik defektlərin övladlara keçmə ehtimalı yüksək olur. Bu, qüsurlu genlərin iki valideyndən də ötürülməsi ilə uşaqlarda irsi xəstəliklərin əmələ gəlməsinə gətirib çıxarır. Nəticədə zehni gerilik, eşitmə və görmə problemləri, fiziki qüsurlar, qan xəstəlikləri və metabolik pozğunluqlar kimi ağır xəstəliklər meydana çıxır.

   Erkən evliliklərdən danışlarkən isə şagirdlərə izah olunub ki, erkən yaşda evlənən şəxslər (xüsusilə qızlar) emosional və zehni baxımdan evlilik məsuliyyətini daşımağa hazır olmur. Ailə içi münaqişələr, yeni mühitə uyğunlaşa bilməmək ciddi narahatlıqlara, tez-tez depressiya və özünəqapanmaya səbəb olur. Gənc yaşda evlilik şəxsiyyətin sərbəst inkişafına maneə yaradır. Həmçinin bu evliliyin sağlamlığa vurduğu zərbələr qaçılmazdır.  Fiziki baxımdan hələ tam inkişaf etməmiş qızlarda erkən hamiləlik ana və uşaq üçün təhlükəlidir.Gənc yaşda hamiləlik ana və ya uşaq ölümünə də səbəb olur. Bu evliliklər zamanı yeniyetmələrin bədəni əlavə stress və enerji itkisindən zədələnə bilir. Eyni zamanda erkən nikah təhsil və karyera imkanlarının itməsi, iş və iqtisadi azadlıqdan məhrum olma, hüquqların pozulması, ailədaxili münaqişələr və digər problemlərə gətirib çıxarır.

Şagirdlərə həmçinin zərərli vərdişlərin fəsadlarından, ilk vaxtlarda aldadıcı həzzlərin sonradan insanın kabusuna çevrilməsindən danışılıb, onlara istər dost-tanışın, istər başqalarının təklif etdiyi, adını bilmədikləri, mənşəyi naməlum olan, ağrıkəsici, yaxud arıqlamaq üçün vasitə adı ilə təklif edilən hər hansı həblərdən, konfeti xatırladan vasitələrdən uzaq durmaq, bu kimi məsələlərlə bağlı şübhə doğuran məqamlarda məktəb rəhbərliyinə, valideynlərə və ya polisə müraciət etmək tövsiyə olunub.

Keçidlər