“Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbirləri davam edir.
15 may 2025 | 15:36
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində rayonun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbirləri davam edir. Aprelin 30-dan mayın 7-dək Nəcəfqulubəyli, Şənlik, Boyad, Biləğan, Hacılar, Qaraxanlı, Sarıcalı və Taynaq kənd tam orta məktəbləri olmaqla daha 8 məktəbdə maarifləndirmə tədbirləri keçirilib. VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə həmçinin məktəb rəhbərliyi, psixoloqlar, uşaq birliklərinin rəhbərləri və valideynlər də iştirak edib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, həmin şöbənin baş məsləhətçisi Sevinc Niftalıyeva, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin həkimləri İradə Məmmədova, Tünzalə İsmayılova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa mövzu ətrafında çıxış edərək erkən nikahlar, zərərli vərdişlər, qohum evlilikləri və digər vacib məsələlərlə bağlı yarana biləcək problemlərdən danışıb, bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıblar. İştirak etdikləri məktəblərdə istər Vüsalə Məmmədova, istərsə də Sevinc Niftalıyeva çıxışlarında uşaq və yeniyetmələrin hüquq və vəzifələri haqqında şagirdlərə ətraflı məlumat verib, həyati misallar gətirməklə onları zərərli vərdişlərdən, gələcəklərini məhv edə biləcək bu kimi hallardan uzaq durmağa çağırıb, o cümlədən erkən nikaha məcbur edən şəxsləri, həmçinin azyaşlı ilə evlənən şəxsləri gözləyən cəzalardan ətraflı danışıblar. “Aran” qəzetinin redaktoru Məhsəti Musa valideynlərin xüsusən qızları erkən nikaha məcbur etmə səbəblərindən, bu evliliyin qızlarımıza vurduğu mənəvi, psixoloji, fiziki sarsıntılardan, onların gələcəyinin, gəncliyinin, hüquqlarının əllərindən alınmasından, evlilik həyatına hazır olmayan həmin qızların sonrakı illərdə qarşılaşa biləcəkləri bir çox problemlərdən söz açaraq bu mübarizədə qızların özlərinin fəallıq göstərməli, digər hüquqları kimi şiddətə və zorakılığa qarşı etirazlarını bildirmək haqlarının olduğunu bildirib, onların bu kimi hallarda hara müraciət edə biləcəklərini izah edib.
Mama ginekoloqlar – İradə Məmmədova və Tünzalə İsmayılova isə məktəblilərlə görüşdə erkən evliliyin anada, həmçinin onun dünyaya gətirəcəyi övladlarda yarada biləcəyi fəsadlardan, o cümlədən qohum evlilikləri nəticəsində fiziki, əqli qüsurlu övladların dünyaya gəlməsindən, digər ailələrdə 2-4 faiz olduğu halda qohum evlilikləri zamanı bu risklərin 4-8 faiz olmasından söz açıb, bunun yaranma səbəblərini ətraflı şəkildə şagirdlərə izah ediblər.
Diskussiya şəklində keçirilən tədbirlərdə həmçinin erkən nikahla bağlı film izlənilib. Məktəblilər görüşlərin sonunda əllərində erkən nikaha, zərərli vərdişlərə, qohum evliliklərinə yox deyən, öz hüquqlarını bilməyə çağıran şüarlar tutaraq həmin şüarları ucadan səsləndirib, bununla layihəyə öz dəstəklərini nümayiş etdiriblər.