Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda 5 məktəbdə maarifləndirmə tədbirləri davam etdirilib.

23 may 2025 | 19:58

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzun ümumtəhsil məktəblərində şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Baxmayaraq ki, elm inkişaf edir, baxmayaraq ki, dövlətimiz təhsil üçün övladlarımıza böyük şərait yaradır, baxmayaraq ki, kəndlərimizdə bir-birindən geniş, işıqlı məktəb binaları tikilib istifadəyə verilir, çox təəssüf ki, hələ də cəhalətin qurbanı olan, hüquqları pozulan, istismara məruz qalan, erkən nikahlara cəlb edilən və harayını kimsəyə çatdırmağa cəsarəti çatmayan neçə-neçə uşaqlar, yeniyetmələr var. Onlar kiminsə biganəliyinin, kiminsə məsuliyyətsizliyinin, kiminsə tamahının güdazına gedirlər. Odur ki, onların səsinə səs vermək,  onları hüquq və azadlıqları ilə bağlı məlumatlandırmaq, onları təhsilə yönəltmək məqsədi ilə keçirilən görüşlərin öz nəticəsini verəcəyinə inanırıq. Növbəti belə görüş mayın 23-də Kürdlər kənd tam orta, Yuxarı Qiyaməddinli kənd tam orta, Arazbar kənd ümumi orta,  Köyük kənd tam orta və Minaxorlu kənd tam orta məktəblərinin şagirdləri ilə keçirilib.  Öncə Kürdlər, Yuxarı Qiyaməddinli  və  Arasbar kəndlərinin məktəbliləri bir araya gəliblər. Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva,  “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mama-ginekoloqu   Tünzalə  Məmmədova və “Aran” qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər.  Söhbət zamanı şagirdlər arasında onların hüquq və vəzifələri ilə bağlı sorğu keçirilib, müəyyən müzakirələr aparılıb. Həmçinin erkən nikahların, qohum evliliklərinin, zərərli vərdişlərin baş vermə səbəbləri, gedişatı və  acınacaqlı nəticələri ayrı-ayrılıqda şagirdlərə izah olunub, onların fəsadlarından danışılıb, bu kimi halların əksəriyyətinin kökündə savadsızlığın, dünyagörüşsüzlüyün, cahilliyin dayandığı bildirilib.  Sağlam cəmiyyətin qurulmasında məhz təhsilin, elmin, sağlam həyat tərzinin böyük rol oynadığını bildirən çıxışçılar şagirdləri onlar üçün yaradılmış şəraitdən yararlanmağa, təhsil almaq, sağlam yaşamaq, şiddətə və zorakılığa qarşı mübarizə aparmaq hüquqlarından istifadə etməyə, gələcəkdə ölkəmizin inkişafında bir iştirakçı olmağa çağırıblar.

     Erkən nikahın fəsadlarından bəhs edən filmin nümayişindən sonra şagirdlər erkən nikaha zərərli vərdişlərə qarşı şüarlar səsləndiriblər.

     Daha sonra Köyük  və Minəxorlu kənd tam orta məktəblərinin şagirdləri görüş keçirilib. Burada da uşaq və yeniyetmələrin hüquq və vəzifələri ilə bağlı söhbətlər aparılıb, şagirdlərin fikirləri öyrənilib, sualları cavablandırılıb.

     Yekunda layihəyə dəstək vermək üçün məktəblilər tərəfindən müxtəlif şüarlar səsləndirilib.

Keçidlər