“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ağcabədidə antinarkotik maarifləndirmə tədbirləri keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi, zərərli vərdişlərdən qorunması və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Ağcabədi rayonunda silsilə tədbirlər keçirilib.
27–28 oktyabr 2026-cı il tarixlərində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlər Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 saylı və Camal İbrahimov adına 8 saylı tam orta məktəblərdə, eləcə də rayonun Salmanbəyli kənd tam orta məktəbində təşkil olunub. Tədbirlərdə uşaqlar, gənclər və valideynlər iştirak ediblər.
Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımlı çıxış ediblər.
Çıxışlarda uşaqların sağlamlığının qorunmasının və təhlükəsiz inkişafının uşaq hüquqlarının təmin edilməsinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Narkomanlığın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrdən istifadənin ağır fəsadları və qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Uşaqların və gənclərin zərərli vərdişlərdən qorunmasının, onların sağlam həyat tərzinə təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Valideynlərlə keçirilən görüşlərdə narkotik asılılığının qarşısının alınmasında ailənin məsuliyyəti, övladlarla düzgün ünsiyyətin qurulması, onların davranışlarına diqqət yetirilməsi, asudə vaxtlarının səmərəli təşkili və zərərli vərdişlərin erkən əlamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə ailə və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib.
Tədbirlər zamanı mövzu ilə bağlı slayd təqdimatları nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlərə və valideynlərə maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən bu cür tədbirlər uşaqların hüquqlarının müdafiəsi, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, onların zərərli vərdişlərdən qorunması, eləcə də narkomanlığın profilaktikası sahəsində məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.






