Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə rəsmi yığıncaq keçirilib.
Mayın 10 – da Ağcabədidə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə rəsmi yığıncaq keçirilib. Yığıncaqdan əvvəl Heydər Əliyev meydanında ümummilli liderimizin abidəsi ziyarət olunub. Ziyarətdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri , idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti iştirak edib. Dahi liderin abidəsi önünə tər çiçəklər düzülüb, xatirəsi ehtiramla anılıb.
Tədbir Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Öncə foyedə təşkil olunmuş sərgiyə baxış keçirilib. Ulu öndərin fəaliyyətinin müxtəlif dövrləri, xüsusilə Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrü əks etdirən sərgi böyük maraqla qarşılanıb. Rəsmi yığıncaq mərkəzin geniş zalında baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Sonra məruzə edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən söz açıb. Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət olduğunu qeyd edən məruzəçi bildirib ki, ulu öndər həm də Azərbaycançılıq ideologiyasının müəllifidir. R. Hüseynov Azərbaycana rəhbərliyinin hələ birinci dövründə dahi liderin gələcəyə hesablanan addımlarından söz açarkən həmin illərdə ölkəmizdə ilk hərbi məktəbin yaradılmasının, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinin, minlərlə tələbələrin yüksək ixtisaslı kadrlar kimi hazırlanmasının, mədəniyyət, təhsil sahəsində görülən bir çox işlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Natiq həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr haqqında da ətraflı məlumat verib, xalqımızın ən çətin günlərində onun xilaskarlıq missiyasını yerinə yetirdiyini, xalqın qəlbində əbədi yer tutduğunu qeyd edib.
Sonda böyük şəxsiyyətin şərəfli ömür yoluna həsr olunmuş “Əsrin adamı” adlı film nümayiş etdirilib.