Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

10 may 2024 | 18:08

Mayın 10-da Ağcabədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

   Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının, eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat və təhsil müəssisələrinin rəhbərləri və ictimaiyyət fəallarının iştirakı ilə keçirilən tədbirdə öncə dahi rəhbərin heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb.

    Heydər Əliyev Meydanında “Bərdə kitab evi”nin təşkil etdiyi kitab yarmarkasına, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə hazırladığı Ümummilli lider Heydər Əliyevin həyat  və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgiyə baxış keçirildikdən sonra iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilər burada Ulu öndərin həyatını və siyasi dünyasını əks etdirən lövhələrlə tanış olublar.  

   Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə əvvəlcə dahi rəhbərin siyasi fəaliyyətini özündə əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqın əbədi sevgisini qazanan müdrik rəhbərin, eləcə də Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

    Məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov  Azərbaycanın  ən çətin, ən gərgin vaxtlarında xalqın təkildi tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin öz xalqının taleyində əsl xilaskara çevrildiyindən, onun uzaqgörən, qətiyyətli siyasi addımları sayəsində ölkənin siyasi böhrandan xilas olmasından, həmçinin dövlətin bütün sahələrində baş verən əsaslı, uğurlu dönüşlərdən bəhs edib. Heydər Əliyev eyni zamanda bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir – deyə məruzəçi vurğulayıb.

     Yeni  Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Ruhin Hüseynov, Salmanbəyli kənd sakini, ağsaqqal Səfər Cəfərov və digərləri məruzə ətrafında çıxış edərək Heydər Əliyevin öz parlaq siyasi zəkası sayəsində Azərbaycanın  bugünkü möhtəşəm gerçəkliklərindən və bundan sonra da işıqlı gələcəyə aparan yolları müəyyən etməsindən danışıblar. Natiqlər onu da qeyd ediblər ki, məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və ən son tariximiz şanlı salnaməmizə Heydər Əliyev dövrü kimi həkk olunub. 

     Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 10 may - Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün bütün Azərbaycanda təntənə ilə qeyd edildiyini, eləcə də doğma  Ağcabədidə də bu əlamətdar günün böyük sevgi ilə keçirildiyini  diqqətə çatdırıb. Rayon rəhbəri eyni zamanda, dünya siyasətində öz yeri, öz dəsti-xətti olan fenomen şəxsiyyətin siyasi fəaliyyətindən, milyonların qəlbində özünə əbədi heykəl quran əsl azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb.

Keçidlər