Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqə keçirilib

10 mart 2023 | 10:55

Martın 9-da Ağcabədi Pedaqoji Kollecində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən kollec, peşə və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin zona mərhələsi keçirilib.

Müsabiqənin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, habelə nitq mədəniyyətinə, bədii yaradıcılığa, şeirə, incəsənətə olan marağı artırmaq, gənclərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.

İştirakçılar tərəfindən ilk öncə Ulu öndər Heydər Əliyevin, Vətən şəhidlərinin və qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra müsabiqənin zona mərhələsinə start verilib.

Sözügedən müsabiqədə kollec, peşə və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edib. 4 əsas nominasiya üzrə keçirilən yarışmada gənc istedadlar şeir (bədii qiraət), təsnif və xalq mahnıları, Azərbaycan bəstəkarlarının estrada mahnıları (solo, duet, kvartet, kvintet) və rəqs nominasiyalarında birincilik uğrunda öz istedadlarını nümayiş etdiriblər.

Elm və Təhsil Nazirliyinin əməkdaşları və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilən ifaçılar müsabiqənin I, II və həvəsləndirici olaraq III yerlərinə layiq görülüblər.

Qeyd edək ki, Ağcabədi, Bərdə, Yevlax, Ağdam, Laçın, Tərtər, Beyləqan, Füzuli, və Zərdab rayonlarında fəaliyyət göstərən peşə və orta ixtisas təhsil müəssisələrini təmsil edən və müsabiqədə istənilən nominasiyada ilk 3 yeri tutan iştirakçılar Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər