“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin tənətənəsidir” mövzusunda konfrans keçirilib
08 noyabr 2023 | 11:31
Noyabrın 7-də Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin tənətənəsidir” mövzusunda konfrans keçirilib.
Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, şəhid ailələrinin üzvləri,qazilər, idarə, təşkilat və müəssisələrin nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon rəhbəri Rafil Hüseynov möhtəşəm Zəfərimizin qazanılmasının üçüncü ili münasibəti ilə konfrans iştirakçılarını təbrik edib. R. Hüseynov üç il əvvəl Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımızın dövləti, ordusu ətrafında bir yumruq kimi birləşməsindən, 44 günlük çətin, eyni zamanda, şərəfli, qürurlu, tarixə qızıl hərflərlə yazılacaq bir mərhələnin başlamasından söz açıb. Bildirilib ki, bu qələbənin təminatı ulu öndərin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Dahi lider ölkəmizin hərtərəfli inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə böyük addımlar atmışdır. Bu siyasətin davamı olaraq Vətən müharibəsində əldə olunan şanlı Qələbə ilə Azərbaycan öz gücünü bütün dünyaya göstərərək tarixi ədalət uğrunda inamlı mübarizəsini nümayiş etdirib, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, Ordumuzun gücü, şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş bu qələbə ilə azərbaycanlıların çoxillik həsrətinə son qoyulub. Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Üçrəngli bayrağımız işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanır.
Həmçinin o da qeyd olunub ki, Vətən müharibəsində bütün bölgələrimizdən olduğu kimi Ağcabədidən də iştirak edənlər olub. Onlardan 1 mülki olmaqla 43-ü şəhidlik zirvəsinə ucalıb, 310 nəfəri yaralanıb, 75 nəfərə isə əlillik dərəcəsi təyin edilib. O da qeyd olunub ki, 2022-ci ilin 12-14 sentyabr döyüşləri, eləcə də 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri zamanı da Ağcabədidən şəhid olan hərbi qulluqçular olub.
Sonra “N” saylı hərbi hissənin komandiri Şamxal Səlimov, Vətən müharibəsi şəhidi İntiqam Hacıyevin anası Zenfira Hacıyeva, Vətən müharibəsi iştirakçısı, Ağcabədi Pedaqoji Kollecinin şöbə müdiri Şahin Rəhimov çıxış ediblər. Çıxışçılar “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatının başlamasından, ərazi bütövlüyümüzün bərpasından, dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsinin öyrənilməsindən, müasir döyüş avadanlıqlarının uğurla tətbiq olunmasından, əks-hücum əməliyyatlarında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar.
Konfrans zamanı Vətən müharibəsi şəhidi, kapitan Samir Mikayıllının atası, Ağcabədi RİHB-nin Salmanbəyli kənd ərazi inzibati dairəsi üzrə nümayəndəsi Sabir Sultanova "Tərəqqi" medalı təqdim edilib.
Qeyd edək ki, S. Sultanov Aəzrbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü ildə "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncamına əsasən təltif edilmişdi.