Səyyar Gənclər Xidməti Ağcabədi rayonunda
30 iyul 2024 | 11:50
Səyyar Gənclər Xidməti Ağcabədi rayonunda
İyulun 6-da Bakıdan yola çıxan Səyyar Gənclər Xidməti avtobusunun növbəti dayanacağı Ağcabədi rayonu olub.
M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbinin həyətində baş tutan açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxləri, təşkilatçı qurumların rəhbərləri, eləcə də Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon üzrə təhsil sektorunun rəhbərliyi, məktəb direktorları və gənclər iştirak ediblər.
Tədbirin moderatoru Gülnar Cavadova hər kəsi salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək qeyd ediblər ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bu layihə bu məqsədlərə çatmaq üçün mühüm rol oynayır. Gənclərə daha çox dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə bu cür təşəbbüslərin davam etdirilməsi olduqca vacibdir. Natiqlər eyni zamanda, layihənin təşkilatçılarına təşəkkür ediblər, gəncləri fəal şəkildə bu cür layihələrdə iştirak etməyə çağırıblar.
Daha sonra gənclərin iştirakı ilə burada “şəxsi inkişaf”, “Svot analizlər”, eləcə də “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları baş tutub.
Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib. Gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.
Əlavə olaraq, Ağcabədi Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilən müxtəlif peşələr üzrə sərgi gənclər tərəfindən maraqla qarşılanıb.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, kəndirdartma yarışı baş tutub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında gənclərə xidmət göstərməsi nəzərdə tutulur.