“Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüş keçirilib.
Oktyabrın 10-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə “Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda görüş keçirilib.
Ağcabədi Bayraq Muzeyində təşkil olunan tədbirdə təşkilatı qurumların əməkdaşları və sahibkarlar iştirak ediblər.
Tədbiri çıxış nitqi ilə açan RİHB- nin Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əli Əhmədov tədbirin keçirilməsinin əsas məqsədindən söz açıb, sahibkarların üzləşdiyi çətinliklər və maliyyə problemləri barədə çıxış edib.
Sonra KOBİA-nın Yuxarı Qarabağ regional koordinatorluğunun Ağdam KOB Dostu Həsən Calalzadə, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin baş məsləhətçisi İlqar Pənahov çıxış ediblər. Çıxışlar zamanı bildirilib ki, sahibkarlığın inkişafında müəyyən problemlər hələ də aktualdır. Bu sahədə Dövlət Proqramları həyata keçirilir. O da, qeyd olunub ki, 2022-ci ilin statistikasına əsasən sənaye sektoru məhsul buraxılışı Ağcabədidə 81 milyon manat təşkil edib və bu göstərici Qarabağ iqtisadi rayonu üzrə ən yüksək göstəricidir.
Daha sonra çıxış edən Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Qəzənfər Səfərxanlı fondun fəaliyyəti haqqında məlumat verib. O, güzəştli maliyyələrlə sahibkarlığa dəstək, güzəşt müddəti, dəstək göstərilən sahələr, müraciət qaydası, təqdim olunan layihələrə baxılma müddəti, tələb olunan sənədlərlə bağlı ətraflı danışıb. Həmçinin, Q. Səfərxanlı onu da vurğulayıb ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Ağcabədidən 117 layihəyə 2.942 milyon manat vəsait ayrılıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara məlumatlandırıcı bukletlər paylanılıb.