Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ömər Rəhimlinin qardaşı dünyaya göz açıb – Körpəyə şəhidin adı verilib

04 iyun 2022 | 09:29

“Şəhidlər ölməz vətən bölünməz” “Biz bir ölər, min dirəlirik”. Vətən müharibəsi zamanı dilimizdən düşmədi bu şüarlar. Hər birimiz bu sözləri böyük inamla deyirdik. Çünki həmin sözlərin doğruluğuna özümüz də çox inanırdıq…

   Savaş bitdi, torpaqlarımız igidlərimizin canı, qanı sağlamlığı bahasına azad olundu. Sonra yeni oğullar doğuldu Azərbaycanda. Bəzilərinə şəhidlərimizin adı verildi. Bəziləri elə şəhid övladı olaraq doğuldu. Vətən yolunda ömrünü qurban verən şəhidlərimizin ruhları müxtəlif şəkildə yenidən aramıza qayıtdı. Şəhid Ömər Rəhimlinin qardaşı balaca Ömər kimi. Bu xəbər eşidən hər kəsi duyğulandırdı. “Ömər yenidən doğuldu” kimi bir hiss yarandı insanlarda. Hər kəs bu körpəni görmək, onda qardaşının nişanələrini tapmaq, valideynləri təbrik etmək istəyir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi və digər əməkdaşlarla birgə ailəni ziyarət edib. Körpə üçün alınan hədiyyəni onun valideynlərinə təqdim edərək göz aydınlığı verib.

Şəhidin atası Rəşad Rəhimov söhbət zamanı balaca Ömərin dünyaya gəlişinin ailəyə bir təsginlik verdiyini söyləyib.

Körpə Öməri bağrına basaraq, şəhid Ömərin qoxusunu ondan almağa çalışan anası Zülfiyyə xanım isə onun görünüşünün də, ən kiçik hərəkətinin də qardaşı Öməri xatırlatdığını deyir…

Bəli şəhidlər ölmür. Onlar yenə bizimlədir. Ürəyimizdə, xatirəmizdə, sözümüzdə, söhbətimizdə, yeni doğulan balaların baxışında, gülüşündə yaşayır və yaşayacaqlar.

Dünyaya xoş gəldin, Ömər. Şəhidimizin adını layiqincə yaşadacağına inanır, sənə gözəl həyat və uzun ömür arzulayırıq!

Keçidlər