Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid olmuş hərbi qulluqçuların orden və medalları ailələrinə təqdim olundu

31 dekabr 2022 | 08:55

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vurdu. Bu Zəfər Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi olaraq qızıl hərflərlə həkk olundu. II Qarabağ müharibəsində, eləcə də, 12-13 sentyabr tarixlərində Ermənistan tərəfindən növbəti dəfə həyata keçirilən təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Vətən oğullarının göstərdikləri şücaətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Vətən uğrunda canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.

Təltif olunanların sırasında Ağcabədidən olan bir qrup şəhidlərimizin adı da yer alıb.

Dekabrın 30-da həmin orden və medalların təqdimetmə mərasimi keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin binasında təşkil olunan təqdimetmə mərasimində icra başçısı Rafil Hüseynov, hüquq–mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, aidiyyəti kənd inzibati ərazi dairələrinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ordumuzun döyüş meydanında qazandığı möhtəşəm qələbədən söz açıb, igidlərimizin şücaətindən danışıblar. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimiz daim göstərdiyi diqqət və qayğıdan danışan çıxışçılar buna görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər