Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emin Fərzəliyevin doğum günü qeyd olundu

20 dekabr 2022 | 15:51

2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə irimiqyaslı hücum əməliyyatı həyata keçirməyə cəhd göstərdilər. 44 günlük Vətən müharibəsində bütün ümid və imkanları əldən çıxan düşmən qalan gücünü sanki həmin sentyabr gecəsinə saxlamışdı. Amma bu dəfə də “Dəmir yumruq” ayıq-sayıq halda öz yerində idi. Əvvəlkindən daha güclü, əvvəlkindən daha amansız… Həmin gecə müzəffər Azərbaycan Ordusu düşmənə bir daha tarixi dərs keçdi, təxribatçılara əsl cəhənnəm yaşatdı. Bu qələbəmiz də tarix səhifələrimizə yeni zəfərimiz kimi yazıldı. Amma bu zəfərimiz də qanla yazıldı – şəhidlərimizin qanı bahasına… O gecə düşmənə qarşı son nəfəsə qədər döyüşən, ölümün gözünə dik baxan igidlərimizin sırasında 1998-ci il, dekabrın 20-də Ağcabədidə dünyaya göz açmış Fərzəliyev Emin Elnur oğlu da vardı. Kəlbəcər rayonunun Qaragöllər kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən son anda şəhid olan, əbədilik ürəklərə, yaddaşlara köçən, evin yeganə oğul övladı Emin Fərzəliyev… Döyüş meyadanında son damla qanına qədər vuruşan, böyük əzmkarlıq və rəşadət nümayiş etdirən Eminin bu dönməzliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqətindən kənarda qalmır. Cəsur döyüşçü ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunur.

20 dekabr Eminin doğum günüdür… Doğmaları, əzizləri bugünki günü onsuz qeyd etdilər – Eminsiz… Bu gün onu sevən hər kəs – onun valideynləri, yaxınları, dostları, vaxtilə özünün təhsil aldığı Ağcabədi şəhər 3 saylı məktəb-liseyin bir qrup müəllim və şagirdləri Qəhrəmanlar Parkında, şəhidin məzarını ziyarət etdilər, üzərinə çiçəklər düzüb, ruhuna dualar oxudular. Eminin və Eminin simasında bütün Ağcabədi şəhidlərinin xatirələri danışıldı, hər bir şəhidimizin qəhrəmanlığı, şücaəti ayrıca vurğulandı.

Keçidlər