Şəhid ailələri ziyarət edilib
8 Mart-Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə Gənclər
üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin bir qrup əməkdaş və
könüllüləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuş Gülalı Qəhrəmanov Aydın oğlu və Tariyel
Atayev Fəxrəddin oğlunun ailələri ziyarət olunub.
Görüş zamanı mərkəzin əməkdaşı Elnur Qasımov şəhidlərin xanım ailə
üzvlərini təbrik edib və qeyd edib ki, “Azərbaycan qadınları zərif çiyinlərinə
götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda
aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın
təmsilçiləri arasında şəhid anaları, xanımları və bacıları da var. Azərbaycan
xalqı İkinci Qarabağ müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə
canı-qanı ilə Vətənə xidmət edən xanımların da əziyyətini unutmayacaq,
onları daim yad edəcək.”
Eyni zamanda onu da vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin
qorunmasında və təbliğində, Azərbaycanın inkişafında qadınlarımızın
misilsiz xidmətləri var. Azərbaycan qadınları Vətən müharibəsi zamanı da
əsl fədakarlıq və vətənpərvərlik nümunələri göstəriblər.
Sonda şəhid ailələrinə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ
regional ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Ağcabədi filialının bayram hədiyyələri və Novruz xonçaları təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını
bildiriblər.