Şəhid ailələri və qazilər ziyarət olunub
Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində daim yüksək qayğı göstərilir. Onların problemləri və problemlərin həlli daim diqqət mərkəzində saxlanılır, ələmatdar günlərdə, bayramlarda ziyarət edilir, onların ailələrinə sovqatlar çatdırılır.
Bu dəfə isə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhid ailələri və qazilər ziyarət edilib.
Belə ki, 27-28 dekabr tarixlərində Hindarx qəsəbəsində şəhid Ömər Rəhimlinin, Röyal Məmmədovun, Sarvanlar kəndində şəhid Həsən Quliyevin, Mahir Cəfərovun, rayon mərkəzində isə şəhid Əlimərdan Qəhrəmanovun ailələri və qazi Samir Mamedov ziyarət edilib.
Ziyarətlər zamanı rayon rəhbəri Rafil Hüseynov artıq torpaqlarımızın bütöv və suveren olmasından danışıb. O, 2023-cü ilin sentyabrın 19-da ordumuz tərəfindən həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirlərinin Vətən müharibəsinin yekunu olduğunu və artıq doğma, dədə-baba torpaqlarımıza Azərbaycan bayrağının sancıldığını diqqətə çatdırıb. İndi Qarabağ tam azaddır, Azərbaycan güclü və sürətli inkişaf yolundadır. Qeyd olunub ki, bütün bunlar Azərbaycanın qəhrəman oğullarının igidliyi sayəsində olunub və onların hər biri bizim üçün əzizdirlər. Möhətəşəm tarixi Zəfərimizin qarşısında yalnız bu sözlər həkk olunub – Qüdrətli Azərbacan Ordusu, igid Azərbaycan əsgəri!
Xatırladaq ki, Ömər Rəhimli, Həsən Quliyev Vətən müharibəsi, Röyal Məmmədov, Mahir Cəfərov, Əlimərdan Qəhrəmanov isə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıblar.