Ağcabədidə Şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı tədbir keçirilmişdir
Noyabrın 14-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma İdarəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin dövlət şəhərsalma nəzarəti çərçivəsində birgə iclası keçirilib. İclasda adıçəkilən qurumların, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, RİHB-nın şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimiz tərəfindən şəhərsalma fəaliyyətinin təşkilinə göstərilən diqqətdən danışıb. R. Hüseynov yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə və istismarına icazələrin alınması, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə müvafiq qurumların rəy verməli olduğunu bildirib. Rayon rəhbəri tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının, yerli icra hakimiyyəti və bələdiyyələrin bu sahədə fəaliyyətinin, qanunsuz tikintilərin sökülməsi və bu halların qarşısının alınmasının, eləcə də nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Digər çıxışlar zamanı tikinti obyektlərinin qanunla vaxtında sənədləşdirilməsi, əlaqədar qurumlara müraciət olunan zaman düzgün istiqamətləndirmə və başqa məsələlər barədə geniş məlumat verilib.