Səfir Fergus Auld Ağcabədidə Qadın Resurs Mərkəzində olub
Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ağcabədi rayonuna səfəri zamanı BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Qadın Resurs Mərkəzinin işi ilə də tanış olub. Fergus Aulda Mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi ətrafında geniş məlumat verilib. Bildirilib ki, layihənin məqsədi münaqişədən təsirlənmiş qadınların münaqişə, eləcə də travmalara qarşı davamlılığını artırmaqdır. Eyni zamanda gender bərabərliyinə və qadınların sosial-iqtisadi hüquqlarının həyata keçirilməsinə yönələrək, gender münasibətlərini tənzimləyən sosial normalara dəyişiklik etmək, yerli qurumların iqtisadi dirçəlişə və kənd yerlərinin inkişafına verdikləri töhfələri gücləndirməklə, onların transformasiyasını stimullaşdırmaq məqsədi daşıyır.
Mərkəzin koordinatoru Gülşən Qasımova səfirə rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən görülən işlər, həyata keçirilən təlimlər, fəaliyyətər barədə məlumat verib. Bildirilib ki, Mərkəz qadınların sosial-iqtisadi həyatında mühüm rola malikdir.
Sonra layihə iştirakçıları ürək sözlərini bölüşüblər. Onlar yaradılan şərait üçün bütün qurumlara minnətdarlıq edib, öz istək və ehtiyaclarını bildiriblər. Yekunda bir qrup xanıma təlimlərdə fəal iştirakına görə sertifikatlar təqdim edilib.
Səfir Fergus Auld layihə çərçivəsində Salmanbəyli kəndində aztəminatlı xanım Asimə Mürşüdovanın evində qonaq olub. Çay süfrəsi ətrafında keçən görüşdə səfir, xanımların layihə ilə bağlı fikirlərini öyrənib. Burada təlimlərdə iştirak edib, fəal nəticə göstərən Asimə Mürşüdovaya şirniyyat avadanlığı, Nərminə İsmayılovaya (Salmanbəyli kənd sakini) dərzi avadanlığı, Zenfira Quliyevaya (Qaraxanlı kənd sakini) dərzi avadanlığı və Rəvanə Qasımovaya (Arazbar kənd sakini) gözəllik salonu avadanlıqları təqdim edilib.
Sonda F.Auld göstərilən bütün dəstək və diqqətə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova öz təşəkkürünü bildirib.