Rəncbərlər kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə keçirilən səyyar qəbulları 2026-cı ildə də davam edir. İlin ilk səyyar qəbulu Rəncbərlər kəndində keçirilib. Görüşdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində operativ tapşırıqlar verilib.
Qəbul zamanı sakinlərin müraciətləri əsasən suvarma suyu, yol infrastrukturunun yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi və digər problemlərlə bağlı olub.
Belə ki, kənd sakinləri Bayram Həsənov və Rasim Səlimov əkin sahələrinin suvarılmasında yaranan çətinlikləri diqqətə çatdırıblar. Məsələ ilə bağlı Ağcabədi Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev məlumat verərək bildirib ki, Yuxarı Qarabağ kanalında suyun səviyyəsinin aşağı olması və nasos stansiyasında aparılan təmir işləri müvəqqəti çətinlik yaradıb. Problemin həlli üçün sakinlərin əkin sahələrinin alternativ subartezian quyuları vasitəsilə suvarılması təmin ediləcək. Vətəndaş Rasim Səlimov həmçinin kənddaxili yolların asfaltlanması və uşaq bağçasının açılması ilə bağlı köməklik göstərilməsini də xahiş edib. Yol məsələsi ilə bağlı bələdiyyəyə lazımi istiqamət verilib. Bağça məsələsi isə aidiyyəti qurum qarşısında məsələ qaldırılması üçün Ağcabədi rayonu üzrə Təhsil sektoruna tövsiyə olunub.
Kənd sakini Aqil İsmayılovun idman meydançası üçün torpaq ayrılması barədə xahişi də nəzərə alınıb və bununla bağlı Hüsülü bələdiyyəsinə müvafiq tapşırıqlar verilib.
Qəbul iştirakçısı Namiq Quliyevin qəzalı elektrik dirəyinin yenilənməsi ilə bağlıu müraciətinə isə cavab olaraq bildirilib ki, hazırda rayonda genişmiqyaslı yenilənmə işləri gedir və növbəlilik əsasında Rəncbərlər kəndində də SİP kabelləşmə və dirəklərin əvəzlənməsi həyata keçiriləcək.
Yekunda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov vurğulayıb ki, hər bir vətəndaş müraciəti qanunvericiliyə uyğun şəkildə araşdırılacaq və qaldırılan problemlərin həlli icra hakimiyyətinin nəzarətində saxlanılacaqdır.






