Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyası keçirilmişdir
Avqustun 21-də Ağcabədidə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi əsasında həyata keçirilən “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” layihəsi çərçivəsində tədbir təşkil olunub.
YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları, təhsil, səhiyyə, eləcə də digər təşkilatlatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Mövsümov narkomaniya və narkotik vasitələrin cəmiyyətimizin qlobal problemi olduğundan söz açıb. Qeyd olunub ki, bu problemlə mübarizə tədbirləri hər zaman diqqət mərkəzində saxlanılır.
Sonra layihə rəhbəri, İctimai Birliyinin sədri Telman Dadaşov layihə haqqında iştirakçılara geniş məlumat verib. T. Dadaşov bildirb ki, dövrümüzün aktual problemlərindən olan narkomaniyadan əziyyət çəkən insanlar cəmiyyətdən uzaqlaşır. Həmin insanlarda yaddaş pozğunluğu və ətraf mühitə qarşı laqeydlik yaranır.
Çıxış edən layihənin eksperti Şərqiyyə Dadaşova psixi xəstəliklərə düçar olmanın, ailələrdə zorakılıq hallarının artmasının, insan alveri, eləcə də digər xoşagəlməz halların narkomaniyanın fəsadları sırasına daxil olmasından danışıb.
Ağcabədi RPŞ-nin əməkdaşı Vüsal Səlimov çıxışında narkotiklərdən asılı vəziyyətə düşən şəxsin bu vasitəni əldə etmək məqsədilə “cinayət törətməyə yüksək hazırlıq vəziyyətində” olmasından, narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə davranışın da dəyişməsindən söz açıb. V. Səlimov bu bəla ilə mübarizədə hüquq-mühafizə orqanları və cəmiyyətin qarşılıqlı şəkildə mübarizənin təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Tədbir qarşılıqlı diskusiya şəklində davam edib.