Qida təhlükəsizliyi və gigiyena qaydalarına dair tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması ilə bağlı oktyabrın 15-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin birgə təşkilatçılığı ilə ADPU-nin Ağcabədi filialında və Ağcabədi şəhər 3 saylı məktəb-liseydə maarifləndirici tədbirlər keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirin əsas məqsədi əhali arasında qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, ev şəraitində konservləşdirmə zamanı yol verilən səhvlər və onların fəsadları, həmçinin qida məhsullarının düzgün saxlanması və istifadəsi ilə bağlı vacib məlumatların geniş ictimaiyyətə çatdırılması olub.
Diskussiya formatında keçirilən görüşlərdə mütəxəssislər tərəfindən iştirakçılara gigiyena normaları, qida zəhərlənmələrinin qarşısının alınması yolları, konservləşdirilmiş məhsullarda rast gəlinə biləcək təhlükələr və onların qarşısının alınması üsulları barədə geniş məlumat verilib, auditoriyanın sualları cavablandırılaraq tədbir iştirakçılarına bukletlər paylanılıb.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və qida təhlükəsizliyi sahəsində biliklərin artırılmasına töhfə verilib.






