Qaraxanlı kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
10 sentyabr 2025 | 18:57
Dövlət qurumlarının əhaliyə yaxın olmasının əsas yollarından biri də səyyar qəbulların təşkilidir. Belə görüşlər mərkəzdən kənar, xüsusən də kənd və qəsəbələrdə yaşayan insanların öz problemlərini birbaşa, yerindəcə çatdırmasına imkan verir. Dövlət-vətəndaş münasibətlərində etimadın güclənməsinə xidmət edən bu görüşlər Ağcabədi rayonunda da hər həftə həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov daha bir səyyar qəbulunu sentyabrın 10-da Qaraxanlı kəndində keçirib. İcra başçısının çıxışından sonra sakinlərə söz verilib.
Kənd sakini Xanlar Əliyev subartezian quyusunun batdığını və bərpa olunmasına kömək edilməsini, torpaq sahələrinə su boru xətlərinin çəkilməsində dəstək göstərilməsini xahiş edib. Müraciət yerində araşdırılıb, məsələ ilə bağlı 2025-ci ildə artezian quyusunun qazılmasının nəzərdə tutulduğu bildirilib.
Digər müraciətdə şəhid anası Zeynəb Sadıqova övladının işsiz olduğunu qeyd edərək əvvəlki iş yerinə - Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə bərpası üçün köməklik istəyib. Müraciət müvafiq qurumlara yönləndirilib.
Kənd sakini, şəhid anası Zülfiyə Quliyeva və sakin Xosrov Məmmədov isə torpaq sahələrinə xidmət edən subartezianın elektrik kabelinin sıradan çıxdığını və təzə kabelin verilməsinə köməklik göstərilməsini xahiş ediblər. Vətəndaşlara lazımi izahat verildikdən sonra müvafiq tədbirlərin görülməsi ilə əlaqədar Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verilib.
Digər bir sakin Əhliman Aslanov özünüməşğulluq xətti ilə mal-qara ilə təmin olunması barədə rayon Məşğulluq Mərkəzinə müraciət etdiyini, lakin dəstək almadığını deyib. Məsələ ilə bağlı vətəndaşa qanunvericiliyə uyğun izahat verilib və o, əlaqədar qurumlara yönləndirilib.
Ümumilikdə 10-dan çox müraciətdə torpaqların suvarılması, subartezian nasosunun bərpası, həmçinin kənd təsərrüfatı sahəsində yaranan borclarla bağlı müraciətlər dinlənilib, həmin məsələlər qeydiyyata alınıb, onların araşdırılması və həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.






