Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradolaq kəndində 2024-cü ildə pambıq yığımının yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

07 fevral 2025 | 19:00

     Yanvarın 6-da Qaradolaq kəndində  2024-cü  ildə pambıq yığımının yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

     Qaradolaq kənd 1 saylı tam orta məktəbinin akt zalında keçirilən toplantıda Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli, Mehrablı kəndlərinin fermerləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “MKT-İstehsalat Kommersiya” MMC və  “P-Aqro” MMC-nin Ağcabədi filiallarının baş aqronomları, yeni fəaliyyətə başlamaq istəyən daha bir şirkətin rəhbəri, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, həmçinin digər aidiyyəti idarə və təşkilat rəhbərləri iştirak  ediblər.

     Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər pambıqçılığın inkişafının mühüm  məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən, əldə edilən uğurlardan danışıb. Pambığın insanların sosial həyatındakı böyük rolundan ətraflı söz açan rayon rəhbəri həmçinin Ağcabədidə də bu sahənin inkişafının vacibliyini qeyd edib. O, bildirib ki, rayonda  əkilən digər bitkilərlə müqayisədə pambıq daha gəlirli bitkidir. Onun daimi alıcısı var. Həmçinin, işsizliyin aradan qaldırılmasında pambıqçılıq xüsusi əhəmiyyətə malikdir. İcra başçısı çıxışı zamanı digər vacib məsələlərə də toxunub, qarşıda duran vəzifələrdən söz açıb.

      Sonra toplantı iştirakçıları çıxış ediblər.  Fermerlərdən Daşqın Gülcumayev, Müzəffər Şirinov və Elyaz Qarayevin  pambıq əkini sahələrinin suvarılması ilə bağlı qaldırdığı məsələlərə dair rayon rəhbəri tərəfindən aidiyyəti üzrə rəsmi tapşırıq verilib.

     Qeyd edək ki, müşavirədə iştirak edən 5 kənddə ümumilikdə  2140 hektar pambıq sahəsi üzrə zavodlarla müqavilə bağlanıbdır və bu iş davam etdirilməkdədir.

Keçidlər