Qarabağ Futbol Akademiyası Ağcabədidə futbolçu seçimləri keçirib
İyunun 20-də Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ Futbol Akademiyasının təşkilatçılığı ilə gənc futbolçular arasında seçimlər keçirilib.
Seçimlərdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rüfət Quliyev, Olimpiya İdman Kompleksinin rəhbərliyi, Qarabağ Futbol Akademiyasının əməkdaşları və gənc idmançılar iştirak ediblər.
Seçim mərhələsinə Ağcabədi rayonu ilə yanaşı, Bərdə, Beyləqan, Mingəçevir, Zərdab və Ağdam rayonlarından ümumilikdə 200-ə yaxın uşaq qatılıb. İstedadlı futbolçuların müəyyənləşdirilməsi məqsədilə təşkil olunan seçimlərin yekununda 13 nəfər iştirakçı uğurlu nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qarabağ Futbol Akademiyası tərəfindən regionlarda keçirilən bu cür seçimlər gənc istedadların aşkar olunmasına, onların peşəkar futbol mühitinə inteqrasiyasına və gələcək inkişafına dəstək göstərilməsi məqsədi daşıyır. Ağcabədidə keçirilən seçimlər də gənc futbolçuların öz bacarıqlarını nümayiş etdirmələri və perspektivli idmançı kimi formalaşmaları baxımından mühüm əhəmiyyət kəsb edib.






