“Qadınların məşğulluq imkanlarının genişləndirilməsinə dəstək” adlı layihəyə yekun vurulub.
Ağcabədi rayonunda Fairmont Bakı Otelinin maliyyə dəstəyi, Güvən Xeyriyyə İctimai Birliyi və GTM Qarabağ ofisinin birgə əməkdaşlığı ilə qadınların məşğulluğunun artırılması, sahibkarlıq istiqamətində təmsilçiliyinin və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi məqsədilə həyata keçirilən “Qadınların məşğulluq imkanlarının genişləndirilməsinə dəstək” adlı layihəyə yekun vurulub.
Tədbirdə ilk olaraq GTM Qarabağ ofisinin sosial işçisi Elnur Qasımov təqdimat edərək, 3aylıq layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, layihənin məqsədi həssas əhali qrupundan olan qadınların davamlı olaraq məşğulluğuna dəstək olmaq, həmçinin onların kiçik sahibkar kimi formalaşmalarına, bilik, bacarıqlarının artırılmasına, müvafiq peşəyə yiyələnmələrinə təkan verməkdir. 19 qadının cəlb edildiyi layihə çərçivəsində qadınlar üçün öz biznesini qurması və sahibkarlıq fəaliyyətini formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması üzrə təlimlər, eyni zamanda, müxtəlif peşə kursları təşkil edilib. Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunub.
Daha sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək layihə iştirakçılarını təbrik edib və bildirib ki, bu gün dövlətimiz tərəfindən qadınların məşğulluğunun təmin edilməsi, müvafiq peşəyə yiyələnməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanmalı, təhsil almalı, ictimai-siyasi proseslərdə fəal iştirak etməlidir. Məhz bu layihənin məqsədi də dövlət qadın siyasətinə dəstək xarakteri daşıyır.
Güvən Xeyriyyə İctimai birliyinin sədri Nigar Bayramlı bütün iştirakçılara uğurlar arzu edərək, layihənin bölgə qadınları üçün əhəmiyyətini vurğulayaraq, bundan sonra da İctimai Birlik olaraq qadınlar üçün sosial əhəmiyyətli layihələrin icrasına dəstək olacağını bildirib.
Digər çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülkər Kərimova, şəhid anası Məlahət Həziyeva da layihə iştirakçılarına uğurlar arzulayıb. Qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılması istiqamətində layihənin önəmini diqqətə çatdırıblar.
Sonra uşaqlar dərzilik kursunun iştirakçıları tərəfindən yaradılmış xüsusi kolleksiyada podiuma çıxıblar. Kolleksiya “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətlərindən bəhrələnən uşaqlar tərəfindən nümayiş etdirilib.
Yekuna kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat və iştirak etdikləri peşə kursuna uyğun avadalıqlar verilib.