Pərioğlular kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun mövcud qrafikə əsasən, növbəti səyyar qəbulu avqustun 8-də Pərioğlular kəndində keçirilib.
Rayon rəhbərinin çıxışından sonra kənd sakinlərinə söz verilib. Vətəndaş Cəlal Quliyev müraciətində kənd tam orta məktəbinin futbol meydançasında baxımsızlıqdan natəmizliyin olduğunu, bu səbəbdən azyaşlıların idmanla məşğul ola bilmədiklərini qeyd edərək ərazidə təmizlik işlərinin aparılması üçün aidiyyəti üzrə tapşırıq verilməsini xahiş edib. İcra başçısı müraciətlə bağlı müvafiq qanunvericilik qaydalarını vətəndaşa izahat edib və futbol meydançasında təmizlik işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün RİHB-nın Pərioğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə, bələdiyyə sədrinə və kənd tam orta məktəbinin direktoruna tapşırıq verib.
Qəbul iştirakçısı Rafiq Abdullayev isə kənd ərazisində 10 kv-luq elektrik xətlərinin keçdiyi yerlərdə ağacların təhlükə yaratdığını və bu ağacların budanmasının vacibliyini bildirib. İcra başçısı bunun vacib məsələ olduğunu qeyd edərək problemin həlli ilə bağlı RİHB-nın Pərioğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə, bələdiyyə sədrinə və Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verib. Ağcabədi Elektrik Şəbəkəsinin rəisi qısa müddətdə problemin aradan qaldırılacağını bildirib.






