Pambıq yığımı uğurla davam edir
Respublikanın ən çox pambıq əkilən rayonlarından olan Ağcabədi orta məhsuldarlıq göstəricisinə görə də qabaqcıllar sırasındadır.
Bölgə müxbiri xəbər verir ki, bu il rayonda 11 min 838,6 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4974,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4200 hektarı “Azərpambıq” MMC, 2200 hektarı “P-Agro” MMC, 1632,27 hektarı “Cotton Trade” MMC ilə müqavilə əsasında aparılıb. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar. Bu günədək tarlalardan 38 min 815,44 ton məhsul tədarük olunub. Hər hektarın orta məhsuldarlığı 32,7 sentnerdir ki, bu da respublika üzrə yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il rayonda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,47 sentner olub.