Şriftin ölçüsü :

Saytın rəngi :

Pambığımızın aqrotexnikası bu gün

03 sentyabr 2024 | 09:33
Rayonumuz özünün pambıq təsərrüfatına və bu təsərrüfatdakı uğurlu nəticələrinə görə respublikanın ən öncül, ən qabaqcıl rayonlarından biri olub həmişə. Özünəməxsus tarixi pambıq ənənələri olan Ağcabədi zəhmətkeşləri tarlalarda “ağ qızıl”ı son qramına qədər toplamaq üçün alın təri ilə gecə-gündüz çalışıblar həmişə. Hazırda da rayon pambıqçıları builiki nəticənin daha uğurlu olması üçün əllərindən gələni əsirgəmirlər.
Rayon ərazisində 2024-cü ildə əkilmiş pambıq sahələrində aparılmış aqritexniki işlər barədə Ağcabədi DAİM-in verdiyi məlumata görə ötən ilin təsərrüfat ili üçün rayonumuzda “MKT-İK” MMC-nin Ağcabədi filialı ilə 4392.4 ha, “Azərpambıq” MMC-nin Ağcabədi filialı ilə 3770 ha, “P-Aqro” MMC-nin Ağcabədi filialı ilə 2400 ha, “Cotton Trade” MMC ilə 690.7 ha, “Aztəsərrüfat” MMC ilə 169.58 ha və “AŞİB” MMC ilə 70 ha olmaqla ümumilikdə 11492.7 ha sahəyə çiyid səpini aparılmış və həmin sahələrdə mövsüm ərzində aqrotexniki tələblərə uyğun becərilmə işləri aparılmışdır. 11492.7 ha əkin sahəsindən 36249.95 ton məhsul əldə edilmişdir. Hər hektar sahədən orta məhsuldarlıq 31.54 sentner olmuşdur.
Rayon üzrə 2024-cü ildə “MKT-İK” MMC-nin Ağcabədi filialı üzrə 5040,52 ha, “Azərpambıq” MMC-nin Ağcabədi filialı üzrə 3978.18 ha, “P-aqro” MMC-nin Ağcabədi filialı üzrə 2700 ha, “MKT-İK” MMC-nin Ağcabədi İnnovasiya filialı üzrə 400 ha və “Cotton Trade” MMC üzrə 1016,3 ha olmaqla ümumilikdə rayon üzrə 13135 ha sahədə pambıq əkilib.
Pambıq səpini aparılmış sahələrdə mövsüm ərzində aqrotexniki tələblərə uyğun becərilmə işləri olduqca sistemli şəkildə aparılıb. Belə ki, I-IV becərmə (kultivasiya) işləri yekunlaşmış, 13135 ha sahədə I vegetasiya, 12450 ha sahədə II vegetasiya, 5815 ha sahədə III vegetasiya suvarılması başa çatdırılıb. Habelə mütəmadi olaraq zərərverici və alaq otlarına qarşı mübarizə tədbirləri də həyata keçirilib.
Pambıq əkilmiş 13135 ha sahədə bitkilər mövsüm ərzində aqrotexniki tələblərə uyğun becərilmə işləri də uğurla yekunlaşdırılıb. Lakin 2024-cü ilin aprel-may aylarında hava şəraitinin normadan artıq yağmurlu keçməsi səbəbindən fermerlər çətinliklə üzləşdilər. Belə ki, pambığın inkişafı gecikmiş və bəzi sahələrdə çiyidin çürüməsi halları baş verdi. Amma yağışlardan sonra aparılmış düzgün aqrotexniki qulluq işləri nəticəsində həmin sahələrdə pambığın normal inkişafı tam təmin olundu.
Hal-hazırda tədarükçü şirkətlər tərəfindən pambıq yığımının tez və itkisiz başa çatdırılması üçün yığıma hazırlıq işlərinə başlanılıb.
Ümumilikdə Ağcabədi rayonu üzrə pambıq yığımı üçün 55 ədəd pambıqyığan kombayn, 302 ədəd lafet, 131 ədəd traktor, 34 ədəd çiləyici, 15 ədəd yükləyici mövcuddur. Pambıq yığımına qədər çatışmayan əlavə texnikaların gətirilməsi də nəzərdə tutulur.
Pambıq yığımının başlanmasına az müddət qaldığını nəzərə alaraq Ağcabədi DAİM tərəfindən tədarükçü şirkətlərə pambıq yığımı zamanı pambıqyığan maşınlarının səmərəli işləməsi üçün şirkətlər tərəfindən dislokasiya qrafiki tərtib olunması, yığılmış pambıq lafetlərdə daşınarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, həmçinin şirkətlərin mütəxəssisləri tərəfindən pambığın yetişməsi nəzərə alınmaqla defolyasiyaya başlanılması, defolyasiyanın ilk növbədə farac səpin aparılmış sahələrdə pambığın yetişməsi nəzərə alınmaqla aparılması və defolyasiya aparıldıqca həmin fermerlərin sıra ardıcıllığı nəzərə alınmaqla yığım qrafiki tərtib olunması barədə müraciət olunub.
Mütəxəssilər tərəfindən pambıq sahələrində aparılmış müşahidələrin nəticəsi göstərir ki, 2024-cü ildə ötən ilə nisbətən məhsuldarlıq daha yüksək olacaqdır.
Keçidlər