Novruz bayramı ərəfəsində Ağcabədidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Novruz bayramı ərəfəsində Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazi ailələri ziyarət olunur, qəhrəmanlarımız ehtiramla anılır.
Görüşlər zamanı SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəis müavini, mayor Faiq Vahabov şəhid və qazi ailələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bildirib.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova qeyd edib ki, qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq üçüncü ildir ki, Novruz tonqalı işğaldan azad olunmuş torpaqlarımızda da şölələnir. Bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi hörmətdən, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.
Ziyarətlər zamanı şəhid və qazi ailələrinə bayram sovqatları çatdırılıb.