Mülki müdafiə tədbirlərinin gücləndirilməsi mövzusunda iclas keçirilib
Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədidə mülki müdafiənin təmin edilməsi, təşkili işinin planlaşdırılması və nöqsanların aradan qaldırılması məqsədi ilə iclas keçirilib. İclasda RİHB-nin müavini Xətai Zeynalov, təşkilatçı qurumun, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, RİHB-nin şəhər, qəsəbə,kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin binasında keçirilən tədbirdə FHN-nin Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, kapitan Həsən Nəsirov çıxış edərək, mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”ndan, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasından, bu sahədə insanların mütəmadi olaraq maarifləndirilməsindən söz açıb. H. Nəsirov mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, əhalinin baş verə biləcək fövqəladə hadisələrin təsirindən qorunması, belə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edənlər, ümumtəhsil müəssislərində mülki müdafiə günləri keçirilməsinin və bu hazırlıqlara nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, mülki müdafiə ilə bağlı tədbirlər planları Fövqəladə Hallar Nazirliyinin aidiyyəti regional mərkəzləri ilə razılaşdırılaraq hazırlanmalı və həyata keçirilməlidir.