Müharibənin günahsız qurbanı – Fərid İsgəndərov
44 günlük Vətən müharibəsi zamanı Ermənistan müharibə qanunlarını, beynəlxalq hüququn norma və prinsplərini heçə sayaraq mülki əhaliyə qarşı ard-arda terror törətdi.
Hərbi əməliyyatlar zonasından xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy, Ağdam, Xızı, Mingəçevir, Ağcabədi və digər rayonlarımız raket atəşinə məruz qaldı. Mülki əhali, obyektlər mütəmadi olaraq atəşə tutuldu.
Həlak olan uşaq və yeniyetmələr arasında Fərid Dilafət oğlu İsgəndərov da var idi. Fərid 11 avqust 2006-ci ildə Ağcabədinin Taynaq kəndində anadan olub.
O, Taynaq kənd tam orta məktəbinin 9-cu sinfində oxuyurdu. Arzuları, ümidləri var idi. Böyüyəcək,Azərbaycan ordusunun qəhrəman əsgərlərindən biri olacaqdı…
Ancaq Vətən müharibəsi zamanı Taynaq kəndinin atəşə tutulması nəticəsində Fəridin bu arzusu onun ömrü kimi yarımçıq qaldı.
Oktyabrın 4-də şəhadətə ucalan məktəbli Fərid İsgəndərovun anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri,media nümayəndələri, şəhidin doğmaları, Fəridin müəllimləri, sinif yoldaşları, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.
İcra başçısı Rafil Hüseynov çıxışı zamanı tarixən ermənilərin dinc sakinlərimizə, xüsusilə uşaqlara, yaşlılara divan tutmasından, günahsız insanlarımızın başına gətrilən müsibətlərdən söz açdı.
Körpə şəhidimizin ruhuna dualar oxundu.