“Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilib
15 İyun tarixində Ağcabədi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, ziyalılar iştirak ediblər.
İştirakçılar ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında Ulu öndər Heydər Əliyevə həsr olunmuş foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Mərkəzin yay zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ulu öndər Heydər Əliyevin həyatı və siyası fəaliyyəti haqqında ətraflı məlumat verərək “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib, hər kəsə uğurlar arzulayıb.
Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanının dövlət müstəqilliyinin inkişafında göstərdiyi xidmətlər misilsizdir, əvəzsizdir. Bugünkü gün, bugünkü tarix xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Məruzə ətrafında Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının veteranı Əli Bədəlov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi, partiyanın fəal gənclərindən olan Ərturqut Bağırlı çıxış edərək bildiriblər ki, həmin dövrdə Azərbaycan xalqı öz nicat və qurtuluş yolunu əsrimizin ən nəhəng siyasətçilərindən biri olan, bütün varlığı, mənəviyyatı, işıqlı əməlləri ilə öz dövlətinə, xalqına bağlı olan Ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirməkdə gördü. Ən ağır, ən çətin dövrdə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın mövcudluğunu qorudu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini möhkəmlətdi. Həmçinin, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmalar səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı bayram ab-havalı konsert proqramı ilə davam edib. Ulu öndəri, Vətənimizi, dövlətçiliyimizi tərənnüm edən mahnılar tədbirə xüsusi rəng qatıb, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.