Məktəblərdə “Son zəng” tədbiri keçirildi
14 iyun 2024 | 17:39
Məktəb illəri həyatımızda olduqca önəmli illəri əhatə edir. Məktəb adlı müqəddəs ocaq bizi ağuşuna alır, bilik-bacarıqlarımızı artırır, bizləri şəxsiyyət kimi formalaşdırır, gələcək müstəqil həyata hazırlayır. Amma 11 ildən sonra istəsək-istəməsək təhsil aldığımız doğma məktəbimizdə son zəngi eşitmək məcburiyyətindəyik.
Bütün ümumtəhsil məktəblərindən olduğu kimi İyunun 14-də Üzeyir Hacıbəyov adına Ağcabədi şəhər 7 saylı tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib. Tədbirdə Ağcabədi rayon rəhbərliyi, icra hakimiyyətinin məsul şəxsləri, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə öncə Azərbaycan musiqisinin baş tacı hesab olunan Dövlət Himnimiz səsləndirilib. Bundan sonra Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin, həmçinin məktəbin dünyasını dəyişən müəllimlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Polad Musayev məktəbin son illərdə əldə etdiyi pedaqoji uğurlarından söz açıb, şairdlərin üzərində daim zəhməti olan müəllim heyətinə öz minnətdarlığını ifadə edib, əlamətdar gün münasibətilə 11-ciləri təbrik edib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov bu gün məzun adını daşıyan hər bir gəncə öz səmimi ürək sözlərini, arzularını çatdırıblar, onlara bundan sonrakı təhsil illərində, eləcə də həyat yollarında uğurlar diləyiblər.
Daha sonra məktəbin ictimai həyatında fəal iştiraklarına və buraxılış imtahanlarında yüksək bal toplayan bir qrup şagirdlərə məktəbin Fəxri fərmanları təqdim olunub.
Tədbirin bədii hissəsində musiqi sədaları altında meydana daxil olan məzunlar rəqslər ediblər, şeirlər söyləyiblər, səmaya həmrəylik, dostluq, sülh, fivavanlıq rəmzi olan ağ göyərçinlər buraxıblar.
Aşağı sinif şagirdləri, eləcə də birincilər “Son zəng” tədbirinə əliboş gəlmədiklərini nümayiş etdiriblər. Belə ki, uşaqlar ifa etdikləri rəngarəng mahnı və şeirlərlə məzunların vida görüşünə xüsusi gözəllik qatıblar.
Beləcə 11 il isnişdikləri, öyrəşdikiləri doğma məktəbə “əlvida” deyir gənclər. Qarşıda isə daha çətin, daha məsuliyyətli yol var – yüksək təhsil, işıqlı həyat yolu və nəhayət, Vətənimiz Azərbaycana layiqli vətəndaş olmaq!
Əziz məzunlar – məzun gününüz mübarək olsun!