Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Ağcabədi rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

27 may 2022 | 18:20

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanıb. Plana uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov mayın 27-də Ağcabədi rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, nazir Anar Kərimov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Anar Kərimov Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.

Ağcabədi rayonunun Kəhrizli kəndinə gələn nazir burada görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və amal yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin (1873-1955) ev-muzeyində olub. Qeyd edilib ki, ev-muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib.

Muzeydə Həmidə xanımın atası, Qarabağ xanlığının və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi tarixçi, şair Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları və əlyazmaları qorunub saxlanılır. Muzeydə, eyni zamanda, Həmidə xanımla əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir.

Mədəniyyət naziri səfər çərçivəsində Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazirə məlumat verilib ki, 5000-dən çox eksponatın mühafizə olunduğu muzeyin binası iki mərtəbədən, 6 ekspozisiya otağından ibarətdir. Muzeyin ən qədim eksponatları arasında arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrü) aid sümükdən iynə, biz və daşdan məişət əşyaları və s. mövcuddur. Muzeydə eksponatlar “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Görkəmli şəxsiyyətlər”, “Sovet dövrü” və “Müasir dövr” bölmələri üzrə qruplaşdırılıb.

Anar Kərimov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də yaxından maraqlanıb.

Qeyd edilib ki, 1965-ci ildə Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı 1986-cı ildən Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi kimi işini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 121 müəllim 354 şagirdin təhsili ilə məşğul olur.

Mədəniyyət nazirinin Ağcabədi rayonuna səfəri davam edir.

Keçidlər