May ayının 3-də Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Dünyanı heyrətə salan insan ” mövzusunda konfrans keçirilib.
May ayının 3-də Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Dünyanı heyrətə salan insan ” mövzusunda konfrans keçirilib.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatı Aqil Abbas, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Şahin İsmayılov, Icra Hakimiyyətinin işçiləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra nümayəndələri, Bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər, ziyalılar və mətbuat işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın əvvəlində ulu öndərin keçdiyi zəngin həyat yolu və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov konfransda çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən bu böyük şəxsiyyət, ilk növbədə, dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai – siyasi, mədəni – mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem- dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın parlaq və firavan gələcəyinə öz varlığı qədər inanırdı. Çünki onun təməlini qoyduğu bu siyasi kurs və iqtisadi inkişaf modeli dərin elmi əsaslara və qabaqcıl dünya təcrübəsinə söykənirdi. O, bu siyasi kursu və inkişaf modelini dönmədən, qətiyyətlə və ardıcıl şəkildə davam və inkişaf etdirə biləcək siyasi lideri də görə bilirdi. Ulu Öndər İlham Əliyevin Azərbaycan üçün taleyüklü məsələləri həll etməyə qadir olduğunu vurğulayır və ona özü qədər inandığını bildirirdi. Tarix göstərdi ki, böyük müdrikliyə və uzaqgörənliyə malik olan dahi siyasətçi və böyük tarixi şəxsiyyət yanılmamışdır. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, uzaqgörən diplomatik fəaliyyəti və Ali Baş Komandan kimi yüksək sərkərdəlik məharəti 30 il düşmən tapdağında qalan torpaqlarımızın 44 günlük şanlı müharibə ilə işğaldan azad edilməsinə gətirib çıxardı.
Konfransda çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib ki, dahi şəxsiyyət olan Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkışafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdi tikinti-quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq Respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu Öndər Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev ötən əsrin hələ 70-80-ci illərində Respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkışafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur.
Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Şahin İsmayılov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında gördüyü böyük işlər uzaqgörən təxəyyülün məntiqi nəticəsi idi. Onun respubliaya rəhbərlik etdiyi birinci dövrdə, kadr potensialına, xüsusi fikir verməsi, gənclərin başqa şəhərlərə ali məktəblərə oxumağa göndərilməsi, hərbçi kadrların yetişdirilməsi üçün hərbi məktəbin açılması müstəqillik illərində öz bəhrəsini verdi. Ulu Öndərin tarixi xidmətlərindən biri də bu gün ölkəmizin siyasi mühitində xüsusi rolu olan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Təsis edilməsinin 30 illik yubileyini keçən il təntənə ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası daim siyasi mübarizələrin önündə getmiş, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, əhalinin milli dövlətçilik ruhunun, qələbəyə inam hissinin formalaşmasında iqtidarla yanaşı addımlamış, qarşıya qoyulan siyasi məqsədlərin əldə edilməsində öz töhfəsini vermişdir.
Konfransda çıxış edən Milli Məclisin deputatı Aqil Abbas qeyd edib ki, Azərbaycan tarixinin son 54 illik dövrünə nəzər yetirəndə Azərbaycanın gələcəyinə hesablanmış, effektli, uzunmüddətli şərtlərin təminatını, intellektual və elmi potensialın inkişafını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş uzaqgörən siyasətin təzahürlərini görürük. Azərbaycanın müstəqilliyinə yönəlmiş bu müdrik siyasətin təməlini qoymuş Ulu Öndər Heydər Əliyev çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə böyük önəm verdiyini vurğulayaraq deyib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz böyük liderlərdən asılı olur və bu, inkaredilməz bir faktdır ki, dünya tarixinin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev öz siyasi uzaqgörənliyi, müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti ilə Azərbaycanı və xalqımızı tarixin ağır sınaqlarından uğurla çıxarmışdır. Belə ki, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan Respublikasının hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Ölkəni və xalqı yaranmış böhrandan qurtarmaq üçün ümummilli lider Heydər Əliyev öz təcrübəsindən və bacarığından uğurla istifadə etməklə yanaşı, Azərbaycanın əlverişli geosiyasi mövqeyindən və zəngin təbii ehtiyatlarından istifadə olunmasını respublikanın və xalqın üzləşdiyi problemlərin həllinə yönəltməyi də müvəffəqiyyətlə bacardı.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.