Korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar tədbir keçirilib.
30 aprel 2026-cı il tarixində Ağcabədi Pedaqoji Kolleci PHŞ-də “Memarlıq və şəhərsalma ili” çərçivəsində “Korrupsiyaya yox deyək: gənclərin rolu və korrupsiya riskləri” mövzusunda aidiyyəti qurumların birgə əməkdaşlığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsini icra edən Əhəd Məmmədov, Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Əbəlhəsən Dilavərli, Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Aygün Qasımlı, həmçinin Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin kollektivi və təhsil müəssisəsinin tələbə heyəti iştirak etmişlər.
Çıxış edənlər tərəfindən korrupsiyanın cəmiyyət üçün yaratdığı təhlükələr, korrupsiya riskləri, bu halların dövlət idarəçiliyinə, iqtisadi inkişafa və ictimai etimada mənfi təsirləri barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, korrupsiya ilə mübarizə hər bir vətəndaşın, xüsusilə gənclərin fəal mövqeyi ilə daha səmərəli nəticə verə bilər.
Eyni zamanda çıxışlarda gənclərin hüquq və vəzifələri, qanunlara hörmət ruhunda tərbiyə olunmalarının vacibliyi, şəffaflıq və dürüstlük prinsiplərinin təbliği diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, gənclərin düzgün maarifləndirilməsi və antikorrupsiya dəyərlərinin formalaşdırılması bu istiqamətdə mühüm rol oynayır.
Bununla yanaşı, korrupsiya hüquqpozmalarına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri və hüquqi nəticələr barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.






