“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha bir tədbir keçirilib. “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzunda keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Heydər Əliyev Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirildikdən sonra mərkəzin direktor vəzifələrini müvəqqəti icra edən, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov məruzə ilə çıxış edib. Bundan sonra məruzə ətrafında çıxışlara başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri Əlizadə Nəcəfov, RİHB aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülfət Xonaşınlı, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli və Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov çıxış edərək bildiriblər ki, dahi lider Heydər Əliyevin Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığı ilk anlardan cəmiyyətimizə vacib olan hüquqi nizamın işartıları görünməyə başladı. Ümummilli Lider həm ölkəni xaosa sürükləməyə çalışan qüvvələrin qarşısını almaq üçün səylər göstərir, eyni zamanda, hüquq quruculuğunu dayanmadan davam etdirirdi. Ulu Öndər konstitusional hüququn bərqərar olmasının vacibliyini dərindən bilən qüdrətli siyasi xadim kimi ölkədə hüquqi nizamın yalnız bu yolla bərpa edilməsini mümkün hesab edirdi. Çıxışlarda həmçinin qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Dahi liderin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu.