“Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Suveren dövlətin xoşbəxt uşaqları” adlı uşaq yaradıcılıq festivalı keçirilib.
31 may 2025 | 18:02
Mayın 31-də Ağcabədidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Suveren dövlətin xoşbəxt uşaqları” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon Təhsil Sektoru, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektoru və Ağcabədi “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında baş tutub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon Təhsil Sektorunun müdiri Teymur Qasımov, şəhid ailələri, onların övladları, həmçinin aztəminatlı ailələrin övladları, orta məktəb şagirdləri, eləcə də Körpələr evi-uşaq bağçalarının balaca fidanları və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin parkda ucaldılmış büstünü ziyarət edərək önünə çiçək dəstələri düzüblər. Bundan sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə müxtəlif, o cümlədən şahmat, futbol və taekvando idman növləri üzrə nümunəvi çıxışlar, eləcə də “Şən startlar” əyləncəli idman yarışları nümayiş olunub. Ağcabədi rayon Uşaq-Gənclər İnkişaf mərkəzi, ümumtəhsil məktəbləri və Ağcabədi Dövlət Rəsm Qalereyasının nümayiş etdirdikləri rəsm sərgiləri maraqla qarşılanıb. Burada Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Uşaq ədəbiyyatı” adlı kitab və jurnal sərgisinə də baxış keçirilib.
Aparıcılar tərəfindən tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndilirib. Çıxış edən Teymur Qasımov əlamətdar gün münasibətilə uşaqları təbrik edib, onlara sağlam, qayğısız həyat, təhsil uğurları arzulayıb. Qeyd olunub ki, uşaqlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması əsas vəzifələrdən biridir. Gələcəyimiz olan uşaqların qayğısına qalmaq hər kəsin borcudur.
Daha sonra “Əlaçı” Televiziya müsabiqəsinin iki dəfə qalib olmuş, eləcə də Respublika Fənn Olimpiyadasının qalibi adına layiq görülmüş şagirdlərə hədiyyələr verilib.
Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdinə fəaliyyət göstərən Ü.Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivləri, Qarabağ Muğam Mərkəzinin şagirdlərinin ifasında nümayiş olunan rəqs nömrələri və mahnı çələngləri alqışlarla qaşılanıb. 4 saylı Körpələr evi – uşaq bağçası və “Zərdabi Yolu” Tədrid Mərkəzinin balaca fidanlarının təqdim etdikləri rəngarəng rəqs nümunələri tədbirə ayrıca gözəllik qatıb.
Mədəniyyət və istirahət parkında vaxtlarını olduqca səmərəli keçirən uşaqlar burada piniklər təşkil ediblər, əyləncəli oyun qurğularında sevincli və maraqlı anlar yaşayıblar.